YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Nərə balığı

Bu balığa çay və dənizlərdə təsadüf olunur. Nərə balığı bir yerdə dayanmır. Onun daimi ünvanı yoxdur. O, bütün ömrünü səfərdə keçirir. Məsələn, bizim məşhur nərə balığı müntəzəm olaraq Volqadan, Kürdən Xəzər dənizinə, dənizdən də yenə Volqaya, Kürə səyahət edir.
 
Nərə balığı dünyada əsasən Xəzər dənizində ovlanır. Nərə balığının körpəliyi çayda keçir. Orada dayaz yerdə, çayın daşlı-çınqıllı dibində xırda kürülərdən körpəcə nərələr çıxır. Onlar boy atır, möhkəmlənir və çevikləşir. Sonra cavan nərə balıqları dünyaya gəldikləri bu yeri tərk edərək, dənizə üzürlər. Burada onlar üçün kifayət qədər yem (xərçənglər, sürfələr, cücü) vardır.
 
İri nərələr hətta balıqlara da hücum edir. Axı, onların bir çoxunun uzunluğu 3 metrə, çəkisi isə 200 kiloqrama çatır. Yeyib qüvvətlənmiş nərə balıqları kürü tökmək üçün yenidən çaya qayıdır, onlarca, yüzlərlə kilometr su axınının əksinə üzürlər. Lakin balıqlar inadla çayın yuxarılarına çatırlar. Bəndlərdən isə liftlərin (xırda şəlalələrdən ibarət olan pilləkənşəkilli balıqgötürən kanallar belə adlanır) köməyi ilə keçib gedirlər. Burada nərə balıqlarının dincəlməsi üçün xüsusi hovuzlar da vardır. Lifti tez tapmaq üçün çayda xüsusi yolyönəldici tor çəkilir. Ancaq görülən bu tədbirlərə baxmayaraq, balıqların yolundakı nəhəng qurğular onların kürü tökmək üçün adət etdikləri yerlərə getmələrinə mane olur. Buna görə də nərə balığı ailəsinə daxil olan cökə, uzunburun və ağ balığın sayı azalır. Bəs, necə etməli? Axı bu balıqların olduqca ləzzətli əti vardır. Onlardan alınan keyfiyyətli kürü isə bütün dünyada məşhurdur.
 
Xüsusi balıqyetişdirmə zavodları bu məsələnin həllinə kömək edir. Burada tutulmuş dişi nərə balığını sıxmaqla qarnındakı kürü çıxarılır, xüsusi inkubator aparatında bu kürüdən sürfələr alınır. Sonra bu sürfələr dairəvi beton hovuzlarda böyüdülür. Nəhayət, onları süni göllərə keçirirlər. Burada onlar boy atır, möhkəmlənir və milyonlarla xırda balıq çaylara buraxılır. Beləliklə, nərə balığının ehtiyatı zavod üsulu ilə bərpa edilir.