YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Budaqov Budaq

Budaq Budaqov 1928-ci il fevralın 23-də Ermənistan SSR-in Zəngibasar rayonunun Çobankərə kəndində dünyaya göz açıb. Orta məktəbi bitirdikdən sonra 1945–1947-ci illərdə Yerevanda Azərbaycan pedaqoji məktəbində, 1947–1951-ci illərdə isə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun coğrafiya fakültəsində ali təhsil alıb. O, 1951–1955-ci illərdə Moskvada SSRİ Elmlər Akademiyasının Coğrafiya İnstitutunun aspiranturasında oxuyub.


Əmək fəaliyyətinə 1955-ci ildən Azərbaycan Respublikası Elmlər Akademiyasının Coğrafiya İnstitutunda kiçik elmi işçi kimi başlayan Budaq Budaqov sonralar burada böyük elmi işçi, şöbə müdiri, elmi işlər üzrə direktor müavini işləyib, 1994-cü ildən ömrünün sonuna qədər Azərbaycan Milli Elmlər Akademiyasının Həsən Əliyev adına Coğrafiya İnstitutunun direktoru olub.

 

Görkəmli alim respublikamızda coğrafiya elminin inkişafına qiymətli töhfələr verib. Onun tədqiqatlarının başlıca istiqamətlərini geomorfologiya, landşaftşünaslıq, paleocoğrafiya və toponimika məsələləri təşkil edib.


Budaq Budaqovun əsas elmi nailiyyətləri Böyük Qafqazın Azərbaycan hissəsinin geomorfologiyasının, yeni tektonik hərəkətlərin və qədim buzlaşmanın aşkara çıxarılması ilə sıx bağlıdır. Alimin rəhbərliyi və yaxından iştirakı ilə respublikada səhralaşma proseslərinin elmi əsasları araşdırılıb, landşaftın geokimyasına dair problemlər tədqiq olunub.


Yüksək ensiklopedik biliyə və təfəkkürə, tədqiqatçı bacarığına malik olan Budaq Budaqov Cənubi və Qərbi Azərbaycanda, Gürcüstan və Mərkəzi Asiyada olan türk mənşəli adları işləyərək geniş oxucu kütləsinə çatdırıb. 

 

Kitabları: “Dağların həyatı” (1965), “Əfsanəvi dağlar” (1973), “Cənub-Şərqi Qafqazın geomorfologiyası və yeni tektonikası” (1973), “Təbiəti qoruyun” (1977), “Elim, obam mənim” (1984), “Azərbaycanın müasir təbii landşafları” (1988), “Təbiət və poeziya” (1992), “Türk uluslarının yer yaddaşı” (1995) və s.

 

Coğrafiyaşünas alim Budaq Budaqovun altmış ilə yaxın bir dövrü əhatə edən elmi fəaliyyəti layiqincə qiymətləndirilib. O, Azərbaycan elminin inkişafındakı xidmətlərinə görə müxtəlif mükafatlara, o cümlədən müstəqil Azərbaycan Respublikasının ali təltifi "Şöhrət" ordeninə layiq görülüb.


Alim 2012-ci ilin noyabrın 1-də 84 yaşında vəfat edib.