YENİ NƏŞRLƏR

Uşaqların və böyüklərin qəhrəmanı olan Qaragöz yeni sərgüzəştləri ilə sizi həm güldürüb əyləndirəcək, həm də düşündürəcək. Əslində, Qaragöz bizi güldürmək üçün çox səy göstərmir. 

Bu kitab ingilis xalqının sevimli nağıl qəhrəmanı – əfsanəvi şotlandiyalı atıcı Robin Hood haqqındadır. 

Nils adlı dəcəl oğlan öz şıltaq əməllərinə görə meşə cırtdanı tərəfindən ovsunlanır və balaca bir adamcığaza çevrilir.

Əmirov Fikrət

Əmirov Fikrət Məşədi Cəmil oğlu (1922-1984) Azərbaycan bəstəkarı, SSRİ Xalq artisti (1965), 1959-ci ildən Azərbaycan Bəstəkarlar ittifaqının, 1974-cü ildən həmçinin SSRİ bəstəkarlar ittifaqının katibi olmuşdur. O, M.C.Əmirovun oğludur. Gəncə Musiqi Məktəbin tar sinfini bitirmiş, 1938-39-cu illərdə Bakı Musiqi Məktəbində oxumuşdur. 

 

Əmirov böyük vətən müharibəsinin iştirakçısıdır. Azərbaycan Dövlət Filarmoniyasının bədii rəhbəri (1947), Azərbaycan Opera və Balet teatrının direktoru (1956-59) olmuşdur. Əmirovun yaradıcılığı musiqi sənətinin müxtəlif janrlarını əhatə edir. “Ürək çalanlar” (1944), “Gözün aydın” (1946) musiqili komediyaları Əmirovun ilk səhnə əsərlərindəndir.

 

Onun “Sevil” operası (1953, C.Cabbarlının eyni adlı pyesi üzrə) müasir mövzudan yazılmış Azərbaycan operaları arasında görkəmli yer tutur. Lirik psixoloji opera olan “Sevil”də qəhrəmanların taleyi inqilabi hadisələrlə sıx əlaqədə verilmişdir. Operada qəhrəmanın daxili aləmi, onun azadlığı, yeni həyata qovuşması parlaq musiqi dili ilə göstərilmişdir. Opera dramaturji yığcamlığı, xalq ruhuna yaxın gözəl melodiyaları ilə səciyyələnir. “Sevil” operası Moskvada P.İ.Çaykovski adına konsert zalında ümumittifaq radiosu və televiziyasının simfonik orkestr xoru və solistləri tərəfindən rus dilində ifa olunmuş (1963, Niyazinin rəhbərliyi ilə), Səmərqənddə tamaşaya qoyulmuş (1977) və ekranlaşdırılmışdır (1970).

 

Əmirovun simfonik yaradıcılığı rəngarəngdir. Fəlsəfi mahiyyət kəsb edən “Nizami” (1947) simli simfoniyası lirizmi, təsirliliyi aydın və incə musiqi üslubu ilə fərqlənir. Əmirov simfonik muğam janrının yaradıcısıdır. “Şur” və “Kürd ovşarı” simfonik muğamlarında o, ilkin mənbəyə istinad edərək bu əsərləri özünəməxsus bəstəkarlıq texnikası yaradıcı təxəyyülü ilə zənginləşdirmiş, orkestr boyalarının əlvanlığına nail olmuşdur.

 

“Gülüstan – Bayatı Şiraz” (1971) simfonik muğamında muğam şöbələrini kontrakt ardıcıllıq prinsipini saxlamış, meldokiasını kiçik lövhələrlə şərh edərək muğamı sərbəst inkişaf etdirmişdir. Əmirovun simfonik muğamları muğam janrının simfonikləşdirmə baxımından əhəmiyyətlidir. 

 

Aşıq musiqisi intonasiyalarını, xalq rəqslərinin oynaq, gümrah ruhunu ifadə edən “Azərbaycan Süitası” (1950), kompazisiyasına görə simfonik muğamların süita – rapsodiya formasını xatırladan “Azərbaycan Kapriçiossu” (1961), “Simfonik rəqslər” (1963) eləcə də “Azərbaycan qravürləri” (1977) Əmirovun yaradıcılığında əhəmiyyətli yer tutur. 

 

Simfonik muğam ənənələrinin davamı olan “Nəsimi dastanı” (1973, Yeni redaksiyası 1977) xoreoqrafik poeması üçün faciəvilik, orjinal musiqi obrazları dərin musiqi dramaturgiyası xarakterikdir. Onun “Xəzəri fəth edənlər” (1976) vokal xoreoqrafik poeması insanların fədakar əməyinə həsr olunmuşdur. Əmirov instrumental konsert janrında yazan ilk Azərbaycan bəstəkarlarındandır.

 

Onun əsərlərində xalqın tarixi keçmişi və müasir həyatı dolğun əksini tapmışdır. Əmirovun musiqisi üçün dramatik, yumoristik obrazlar xüsusilə lirik psixoloji lövhələr səciyyəvidir. Azərbaycan musiqi folklorunu dərindən duyan bəstəkarın əsərləri milli musiqiyə xas intonasiya və ritmtlərlə zəngindir. Onun harmonik dilində Azərbaycan xalq musiqisinin məqam xüsusiyyətləri aydın hiss olunur. Əmirov yaradıcılığında Azərbaycan milli musiqi ənənələri ilə dünya musiqi mədəniyyətinin nəaliyyətləri üzvi şəkildə birləşmişdir. Əmirov Azərbaycan xalq musiqisindən bir çox nümunələri nota salmış və işləmişdir. 

 

O, Ərəb musiqi intonasiyaları və ritmlərindən istifadə edərək “Min bir gecə” baletini yazmışdır (1979).

 

Əmirovun əsərləri, xüsusilə simfonik muğamları Niyazi, G.Rojdestvenski (Rusiya), L.Stokovski (ABŞ), Ş.Münş (Fransa), G.Abendrot (Almaniya) kimi məşhur drijorların repertuarına daxil olmuşdur, Rusiyanin və bir çox xarici ölkələrin (ABŞ, Fransa, İngiltərə, Almaniya, Türkiyə, İran, İsveç, İraq və s.) konsert salonlarında səslənmişdir və səslənir.