Odlar Yurdu

“Oğlanqala” qədim yaşayış yeri

Oğlanqala – Şərur rayonu ərazisində e.ə. II – I minilliklərə aid yaşayış yeridir. Abidə Naxçıvanın ən məhsuldar ərazisində, Arpaçaya birləşik Şərur düzənliyinin şimal qurtaracağındadır. Yaşayış yeri Zəngəzur sıra dağlarının əsas qollarından birinin üzərində yerləşir. Oğlanqalada əsas müdafiə divarları təqribən 10 hektar sahəni əhatə edir, lakin qaladan kənarda məskunlaşma əlavə olaraq 2,5 ha sahəni əhatə edir.


Dağın şimal yamacları sıldırımlıdır. Digər yamaclar isə möhtəşəm müdafiə divarları ilə əhatələnmişdir. Divarlar uzunluğu 1,5 – 3 metr, qalınlığı isə 1 metrdən çox olan kobud yonulmuş daşlardan tikilmişdir. Bu baxımdan Oğlanqalanı siklop tikililərinə aid edən tədqiqatçılar da vardır. Divarların bəzi yerlərində üst – üstə qoyulmuş 4 cərgə daş qalmışdır.


Dağın cənub – qərbində kiçik berclərə oxşar yarımdairəvi tikilər vardır. Tikinti üslubuna görə Oğlanqala, assurların dağ qalalarına oxşayır. Oğlanqalanın mərkəzindəki, sahəsi 70x100 m olan meydançada aşkar edilmiş daş sütun qalıqları vaxtilə burada saray və məbəd tipli möhtəşəm binaların olduğunu göstərmişdir. Meydança bəzi yerlərdə divarlarla əhatə olunmuşdur.


Yaşayış yerindəki arxitektura qalıqları müxtəlif dövrlərə aiddir. Oğlanqala yaşayış yerində aparılan qazıntılar buradakı müdafiə tikintilərinin e.ə. IX əsrdən qədimə getmədiyini göstərir. Orta Dəmir dövrünə aid müdafiə divarları, Son Dəmir dövrünə aid evin divarları və Orta əsr arxitekturası narınqalanın böyük bir qismində bir-biri ilə qarışmış vəziyyətdə qeydə alınmışdır.


Abidədən aşkar olunmuş materialların əksəriyyəti boz və cəhrayı rəngli saxsı məmulatından ibarətdir. Boz rəngli gil qabların bəzisinin tərkibində Eneolit mədəniyyəti üçün səciyyəvi olan saman qarışığına təsadüf edilmişdir. Oğlanqaladan e.ə. I minilliyin II yarısı – eramızın I – II əsrlərinə aid tufdan hazırlanmış dən daşları, son orta əsrlərə aid şirli və şirsiz saxsı məmulatı və sair maddi mədəniyyət məmulatı toplanmışdır.


Əlverişli təbii - coğrafi və strateji mövqedə yerləşməsi Oğlanqaladan uzun müddət müdafiə istehkamı kimi istəfadə olunduğunu göstərir. Tədqiqatlar nəticəsində Oğlanqalanın əsas fəaliyyət dövrünün e.ə. IX – IV əsrlər olduğu müəyyən edilmişdir. Yaşayış yeri e.ə. ikinci minilliyin sonunda məskunlaşdırılmışdır. Erkən Dəmir dövrünə aid boz rəngli keramka parçaları yaşayış yerindən şimal-qərbdə yerləşən kurqanın üzərindən və sitadelin yuxarısından tapılıb. Orta Dəmir dövrünə aid keramika parçaları daha çox tapılıb, onlar demək olar ki yaşayış yerinin hər yerindən əldə olunmuşdur. Böyük müdafiə divarlarının əksəriyyəti və sitadelin əsasının əsasının qoyulması, ehtimal ki, bu dövrə aiddir. Son Dəmir dövrünə aid keramika məmulatı da yaşayış yerinin hər yerindən tapılıb. Ehtimal ki, cənub və cənub-qərbdə tikilən xüsusi binalar massivi bu dövrə aiddir, bu ərazidə erkən mərhələyə aid heç bir material əldə edilməmişdir.


Abidə 2006 - cı ildən AMEA və Pensilvaniya Universitetinin mütəxəssisləri tərəfindən, Naxçıvan Arxeoloji Layihəsi (The Naxçıvan Archaeological Project) çərçivəsində tədqiq edilməkdədir.


Nəhayət, Orta əsrlərə aid yaşayış yeri başlıca olaraq təpənin mərkəzində sitadeldə cəmlənmişdi, lakin Orta əsrlərə aid arxitektura qalıqları və keramika məmulatı yaşayış yerinin cənub və cənub-şərq bölmələrindən də aşkar edilmişdir.