Görkəmli şəxsiyyətlər

Nik Vuyçiç

İnam görmədiyinizə inanmaqdır.
Bunun mükafatı da inandığınızı görməkdir.
S.Avqustin

 

Nik Vuyçiç 1982-ci ildə Avstraliyanın Brisben şəhərində mühacir ailəsində anadan olmuşdur. Lakin onun həyata gəlişi illərdən bəri övlad arzusunda olan valideynlərinə sevinc gətirmədi:


Nik ciddi patoloji qüsurlarla dünyaya gəlmişdi. Körpənin yuxarı və aşağı ətrafları başqa sözlə, nə əlləri, nə də ayaqları yox idi. Yalnız sol tərəfdə ayaq əvəzinə, iki barmaqlı, pəncəyə oxşar bir orqan mövcud idi. Övlad həsrətində olan ata gözlərinə inana bilmədi. O, körpəsinin qolu olmayan çiynini görən kimi palatanı tərk etdi. Həyəcan və təşvişdən onun dili söz tutmurdu. Özünü güclə ələ alan atanın həkimdən ilk soruşduğu “Oğlumun əli yoxdur?” cümləsi oldu. Həkimin cavabı onu daha da sarsıtdı: “Körpənin əlləri və ayaqları yoxdur”.


Doğum şöbəsində isə heç kəs onu körpəsinin yolunu həsrətlə gözləyən anaya göstərməyə cürət etmirdi.


Ancaq bir qərara gəlmək lazım idi: arzu olunan, lakin bu qədər bədbəxt  olan bu körpənin taleyi nə cür olacaq? Valideynlərin vəziyyətini təsəvvür etmək çətin deyildi. Onlar şüursuz vəziyyətdə körpəni seyr edir və onun ətraf mühitə adaptasiyası barədə özlərinin suallarına cavab tapa bilmir, onu təsəvvürlərinə  belə gətirə bilmirdilər.


Suallar, suallar, suallar... Belə insan xoşbəxt ola bilərmi? Ümumiyyətlə, ona həyat  lazımdırmı? Digər tərəfdən, əgər ona həyat bəxş edilibsə, kim bu həyatı onun əlindən ala bilərdi? Valideynlər qorxu və mərhəmət qarışıq bir kədərlə körpəyə baxdıqda onun məsum baxışları ilə qarşılaşdılar. Bu baxışlar onları silkələdi: körpə yaşamaq istəyirdi!
Körpənin adını Nik qoydular.


Təşviş və göz yaşları ilə keçən bir neçə aydan sonra, nəhayət, Nikin valideynləri faciə ilə barışdı, onlar adi həyat sürməyə başladılar. Beləliklə, kiçik avstraliyalı Nikin ağrılı və böyük çətinliklərlə dolu həyatı başlandı. Kiçik yaşlannda Nik həmyaşıdlarından nə ilə və necə fərqləndiyi haqqında heç düşünmürdü də.

Depressiya böyüyəndən sonra başlandı. İlk intihar cəhdi 8 yaşında baş verdi. Məhz bu yaşda oğlan öz qüsurlarından əziyyət çəkməyə başladı. Hər gecə Allahdan ona əl və ayaqlar verməsini xahiş edirdi. Sonralar Nik özü etiraf etmişdi ki, hər səhər əl-ayağını görəcəyi ümidi ilə yuxudan oyanırdı. Lakin bu ümidlər günü-gündən zəifləyirdi. Ümid məyusluqla əvəz olunurdu.


10 yaşın içində idi. Nik anasına çimmək istədiyini bildirdi və xahiş etdi ki, onu vanna otağına aparsın. Həmin dəqiqələri Nik belə xatırlayır:


"Mən üzüüstə çevrilməyə çalışdım, ancaq bu vəziyyətdə qalmaq çox çətin idi. Məqsədimə çata bilmirdim. Məndə heç nə alınmadı. Bu qısa an kəsiyində özümün dəfn mərasimimi çox dəqiq şəkildə gözümün önündə canlandırdım - atam və anam sonsuz kədər içində məzarımın önündə dayanıb göz yaşı tökürlər. Həmin anda başa düşdüm ki, mənim onlara dərd verməyə onların qəlbini incitməyə haqqım yoxdur.Çünki mən valideynlərimdən özümə qarşı ancaq böyük məhəbbət görmüşdüm. Mən də onları çox sevirdim”. Sonrakı еtiraflarına görə, məhz həmin anda Nik intihar haqqında fikirlərindən birdəfəlik imtina etdi.


Valideynlərinin ona aldığı elektron əllər də kömək etmədi. Onlar uşaq üçün çox ağır idi, ona görə də Nik ancaq anadangəlmə onda olan sol "ayagının” köməyindən istifadə etməyə başladı.
Ancaq onun həyatı bundan sonra da asanlaşmadı. Valideynləri hökumətdən xahiş etdilər ki, Nik adi məktəbdə oxusun. Lakin həmyaşıdları və sinif yoldaşları onunla oynamaqdan imtina edirdilər. Doğrudan da, Nik heç nə edə bilmirdi: nə topu vura bilir, nə tuta bilir, nə də qaça bilirdi.

 


Lakin oğlan dözürdü - o, “hamı kimi” olmağa çalışırdı, var gücü ilə çalışırdı. O, məktəbə gedir, yaxşı oxuyur, yaza bilirdi. Nik nəinki gəzməyi və üzməyi, hətta skeyt sürməyi və kompüterdən istifadə etməyi də öyrəndi. Allaha inamı ona güc verirdi. Nik əmin idi ki, əgər Allah onu belə yaradıbsa, deməli, o, Allaha məhz olduğu kimi lazımdır. Sadəcə, o öz yolunu axtarıb tapmalı idi. Nik isə onun üçün “ayrılmış” xüsusi təyinatın olduğuna inanırdı.


İnamı onu məyus etmədi. Qriffit Universitetində oxuyan və maliyyənin planlaşdırmasını öyrənən Nikə bir dəfə tələbələrin qarşısında çıxış etmək təklif olundu. Nik etiraz etmədi, o, tələbələrə öz bildiklərini danışdı.


Onun qısa mühazirəsinin təsiri o qədər güclü oldu ki, zalda oturanların əksəriyyətini ağlatdı. Hətta qızlardan biri səhnəyə yüyürüb Niki qucaqladı. Evə qayıdan Nik valideynlərinə bəyan etdi ki, o artıq həyatda nə ilə məşğul olmaq istədiyini müəyyən edib. Nik insanlarla ünsiyyət qurmaq, natiq olmaq istəyirdi.


O, qəti qərara gəldi ki, daha dörd divanın arasında oturub qalmamalıdır. Çünki onun gözləri qarşısında müxtəlif problem və dərdləri olan insanlarla dolu dünya açılmışdı. Nik hiss edirdi ki, bütün bu insanlara onun deyiləsi sözü var.


O vaxtdan onun səfərləri başlandı.


20-dən çox ölkəyə səfər edən Nik ildə 250-dən çox nitq söyləyir. Çıxış etmək üçün gələn təkliflər isə onun imkanlarından qat-qat çox idi.
Beləliklə, Nik Vuyçiç həyatda öz təyinatını, yolunu tapdı. Bu nə qədər qəribə səslənsə də, əlsiz-ayaqsız bu gənc bəzi “sağlam” insanlardan qat-qat çox işlər görə bildi.


Nik özünün təşkil etdiyi “Ətrafsız həyat” qeyri-kommersiya şirkətinin sədri və mənəvi lideridir. Onun auditoriyasında milyonlarla insan var ki, onlardan hər biri Nikin inamına, gücünə və inamı paylaşma qabiliyyətinə malik olduğuna inanaraq ona qulaq asmağa gəlir.

 

Nikin “Məhdudiyyətsiz həyat: misli olmayan gözəl həyat üçün ilhamlandırma” adlı kitabı 2010-cu ildə çapdan çıxmışdır. Yeri gəlmişkən, o, kitabını kompüterdə özü yığmışdır. Yığım zamanı yüksək sürət nümayiş etdirən bu qolsuz insanın iradə gücünü təsəvvür etmək o qədər də asan deyil!

Bu gün Nik Kaliforniyada yaşayır. 2012-ci ildə o, Kanae Miaxara adlı gözəl bir qızla evlənmişdir. Bir oğul atasıdır. Onun həyatında həm iş, həm də ki istirahət var: yazı və çıxışlarından kənar vaxtlarda Nik qolf oynayır, balıq tutmaqla məşğul olur və serfinqlə üzür.


Yıxılanda isə (Nik tez-tez yıxılır) o, əvvəl alnına, sonra isə çiyinlərinə dirənir və hər dəfə də ayağa qalxa bilir. Bütün bu yıxılmalar, əsasən də, qalxmalar Nikin bütün həyat fəlsəfəsini əks etdirir: “Həyatda elə olur ki, yıxılırsınız və sizə elə gəlir ki, durmağa gücünüz yoxdur. Onda siz dərhal fikirləşirsiniz ki, görəsən, ayağa qalxmağa ümid varmı? Mənim nə əlim, nə ayağım var! Hər növbəti uğursuzluqdan sonra mən ümiddən əlimi üzmürəm. Mən yenə və yenə cəhd göstərirəm. Mən istəyirəm ki, siz biləsiniz - uğursuzluq son deyil. Əsas odur ki, siz axırda nəyə nail olacaqsınız”.