Nağıllar, hekayələr

Yaxşı yoldaş

Zəng vuruldu. Hamı yerində oturdu. Ancaq Lalə çox pərt idi; çünki səhər məktəbə gələndə qələm götürməyi unutmuşdu.


Müəllim sinfə girdi, izahat verdikdən sonra sinfə yazılı tapşırıq verdi.


Lalə Reyhandan ehtiyat qələmini ona verməsini xahiş etdi.


Reyhan: - Qələm özümə lazımdır, - deyib qələmi Laləyə vermədi.


Lalə yoldaşının bu hərəkətindən çox pərt oldu. Amma heç bir söz demədi. Arxa cərgədə oturan qızlardan biri Laləyə qələm verdi; Reyhanın hərəkəti isə onun  xətrinə dəydi.


İmtahanlar yaxınlaşdı. Sinif rəhbəri yenə hamıdan çox Reyhan haqqında narahat idi. Bütün rüb müddətində Reyhan rus dili dərslərindən çox geri qalmışdı. Buna görə onu imtahanlara yaxşı hazırlaşdırmaq üçün kömək etmək lazım idi. Bir gün müəllim Laləyə dedi:


- Lalə, Reyhan rus dilindən zəifdir. Belə gedərsə, o, imtahanda pis qiymət alacaqdır. Sən ona kömək etməlisən. Biz bu gün kinoya gedəcəyik.


Reyhan, müəllimin onu Laləyə tapşırdığını eşidəndə başını aşağı dikdi. Laləyə qələm vermədiyi gözünün qabağına gəldi. Yanaqları qıpqırmızı qızardı və ürəyi şiddətlə döyünməyə başladı. O özlüyündə belə fikirləşdi ki, Lalə indicə ayağa qalxıb bu məsələni müəllimə deyəcək və ona kömək etməkdən boyun qaçıracaqdır.


Müəllim:


- Hə, Lalə, nə deyirsən, onu imtahana yaxşı hazırlaşdıra bilərsənmi? - təkrar soruşduqda, Lalə:


- Baş üstə, - deyib yerində oturdu.


Reyhan Lalənin belə cavab verəcəyini heç gözləmirdi. Buna görə Lalənin sözləri onu daha da utandırdı. O, dərsin axırınadək başını yuxarı qaldırmadı.