Görkəmli şəxsiyyətlər

Təlxəklik sənətinin banisi - Yozef Qrimaldi

İngilis aktyoru, İngiltərənin ən məşhur klounlarından biri Yozef Qrimaldi (1778-1837) “ağdərili ilk təlxək” hesab edilir. 


Valideynləri aktyor olan Qrimaldi hələ 3 yaşı olanda teatr tamaşalarında iştirak etməyə başlayıb. Pantomim, akrobatika və sehrbazlıq sahəsində olan bacarıqları sayəsində Qrimaldi, bütün İngiltərədə məşhurluq qazanıb. 


Yozef Qrimaldi artıq gənc yaşlarında Kral Teatrında çıxış edirdi.


Böyük Təlxək adı ilə tanınan, Qrimaldi, ilk dəfə olaraq, pantomim sənətində, ağ rəngli üz boyasından, uzun ayaqqabılardan və təlxək başlığından istifadə edib. 


Məşhur Qrimaldi maskasının yaranması isə 1806-cı ildə baş vermişdir. Yozef Kovent Garden teatrında aktyor idi. "Arlekin və Ana Qaz, və ya Qızıl Yumurta" pantomim tamaşasında ilk təlxək rolunu oynayıb.


Qrimaldi ağzını, qaşını mürəkkəblə boyayır, yanaqlarına və alnına üç üçbucaq boya çəkirdi. Belə əsrarəngiz bir makiyaj auditoriyanın ən arxadakı oturacaqlarından belə görünürdü. Xüsusilə Qrimaldinin saç parikləri diqqəti cəlb edirdi. O, səhnə zamanı onları bir neçə dəfə dəyişirdi.


Yozef Qrimaldinin sonuncu tamaşası 1828-ci il iyunun 27-də keçirilib. O, pantomima tamaşası "Yalançı Arlekin"ni oynayıb. O dövrdə o, revmatizma xəstəliyindən əziyyət çəkirdi. Yozef səhnədə və hətta yeriyərkən çətinlik çəkirdi. 


Həyatının sonuna qədər sənəti ilə məşğul olan Qrimaldi 1837-ci ildə 31 may tarixində vəfat edib. 


Yozef Qrimaldinin xatirəsi üçün hər il fevral ayının ilk həftəsində London şəhərində yüzlərlə pantomim aktyorunun iştirakı ilə karnaval təşkil edilir. 

 

İngilis xalqının sevimlisi olan Yozef Qrimaldi həyatı və ümumiyyətlə bədii sənəti barədə ətraflı məlumatı Çarlz Dikkens tərəfindən redaktə edilmiş "Yozef Grimaldi" adlı kitabında yazmışdır.