Şeirlər

Zahid Xəlil. "Damcılar"

Bir - birindən yapışan 
Damcıya bax, damcıya 
Bir - birindən tutanda 
Oxşayırlar qamçıya. 
Damcılar gör nə çoxdu, 
Beşdi, ondu, yüz idi... 
Damcılar mirvaridi, - 
Damcılar quş gözüdü. 
Bircə - bircə düşürdü, 
Damcılar yavaş - yavaş. 
Baxıb o damcılara 
Lovğalanırdı bir daş:
- Damcılar bir - bir damıb 
Bulaqlara yığılar.
Damcılar bərk deyil ha
Əl vursanız dağılar.
Amma mən möhkəm daşam 
Qayalara yoldaşam...
Bu sözləri eşidib 
Damcılar qəzəbləndi, 
Bir-birini qovaraq 
Qayalardan ələndi. 
Onlar növbəylə durub 
Eyni yerə düşdülər 
Axırda bu lovğanın 
Təpəsini deşdilər...