Dağlıq Qarabağ

Möhtəşəm Şuşa qalası

Şuşa Azərbaycanın ən gözəl şəhərlərindən biridir. Bu şəhərin adını bildirən «Şuşa» sözü, bu diyarın saf, qeyri-adi dərəcədə şəffaf dağ havasının rəmzi olan «şüşə» sözündəndir. Təbiət Şuşaya unikal bulaqlar və mineral sular bəxş edib. Turşsu, İsabulağı, Səkinə bulağı, İsti bulaq, Soyuq bulaq, Çarıx bulaq, Saxsı bulaq, Qırx bulaq, Yüz bulaq və başqa bulaq adları bunu sübut edir. Şuşa həm də öz tarixi  memarlığı ilə məşhurdur. Burada işğala qədər 129 memarlıq abidəsi yerləşirdi. 


Şuşa qalası — Azərbaycanın Şuşa şəhərini əhatə edən qala divarlarıdır. Qala uzun müddət ərzində şəhəri xarici müdaxilələrdən qorunub, uzun müddət alınmazlıq simvolu olub. Ağa Məhəmməd şah Qacarın Cənubi Qafqaza yürüşü zamanı qala uzun müddət mühasirədə saxlanılıb. Lakin qalanı ələ keçirmək cəhdləri baş tutmayıb.


Şuşa qalasının əsasının nə zaman qoyulması haqqında dəqiq məlumat yoxdur. Mənbələr sadəcə bu qalanın monqolların Azərbaycana ikinci yürüşü zamanı dağıdılması haqqında məlumat verir.


Ərazi strateji baxımdan olduqca əlverişlidir. Belə ki, Şəki qalasında olduğu kimi Şuşa qalası da yüksək dağlıq ərazidə yerləşir. Qarabağ xanı Pənahəli xan Bayat qalası və Şahbulaq qalasının əlverişsiz coğrafi mövqeyini nəzərə alaraq, 1753-cü ildə Şuşa qalasının bərpa edilməsi haqqında qərar verir və Qarabağ xanlığının mərkəzi bura köçürülür. Qala bərpadan sonra uzun müddət mənbələrdə Pənahabad adlandırılıb.


Şuşa qalası Azərbaycan memarlığının ən gözəl incilərindən biridir. Qala Arran memarlıq məktəbi üslubunda inşa edilib. Qalanın tikilməsində əsasən yerli daşlardan və əhəng-yumurta sarısı qarışığından istifadə edilib. Qalanın üç qapısı var. Onlardan Gəncə qapısı öz yüksək memarlıq xüsusiyyətləri ilə seçilir. Qala dairəvi mühafizə bürclərinə malikdir. Qala yaxınlığında qalanı xarici aləmlə əlaqələndirən yüksək memarlıq keyfiyyətləri olan körpü də inşa edilib ki, bu körpü Qala körpüsü kimi tanınır.