Təbiət

Canlı daş: Litops

Litops unikal sukkulent bitkidir. Ona litops, yəni daşabənzər adının verilməsi zahiri oxşarlıqla əlaqədardır. Həmin xüsusiyyətinə görə onu canlı daş adlandırırlar, "lithos" yunanca daş, "opsis" xarici görünüş deməkdir.


Bitkinin çox maraqlı və özünəməxsus bir xüsusiyyəti dibçəkdə tək qalmağı xoşlamamağıdır. Tək olanda çox gec böyüyür, demək olar ki, çiçək açmır. Ona görə də dibçəyə bir neçə litops əkmək lazımdır.


Litops əsasən Cənubi Afrikanın quru səhralarında bitir, özünün mimikriyası hesabına heyvanlardan qorunur. Bir qayda olaraq litops nəinki daşı, bitdiyi yerdə daşlı fona bənzər boyanı da dəqiqliklə imitasiya edir. Vəhşi təbiətdə parlaq günəş işığı düşən ərazilərdə bitir, hətta 50 dərəcədən yüksək istiliyə də davam gətirə bilir.


Təbiətdə onun 40-a qədər növü var. Litopsa yaxşı qulluq ediləndə diametri 5 santimetrə çatan ağ və ya sarı rəngli gözəl çiçəklər açır.


Aktiv böyümə zamanı litops yarpaqlarını dəyişir. Onun üzərindəki köhnə qişa çatlayır və içərisindən yeni cüt yarpaqlar çıxır. Bitki il ərzində iki sükunət dövrü keçirir: birinci dövr iyulun axırından avqustun yarısına qədər, ikinci dövr isə noyabrdan yazın başlanğıcına qədər davam edir. Həmin müddətdə bitki işıqlı və quru yerdə dincə qoyulur, sulanmır, əks təqdirdə yarpaqları çürüməyə başlayır. Avqustdakı dinclikdən sonra litops qönçə əmələ gətirməyə başlayır.