Nağıllar, hekayələr

Bəhlul Danəndə. Mənə ehtiyac yoxdur

Bağdad xəlifəsi bir gün Bəhlul Danəndəni yanına çağırıb deyir:
– Ay qardaş, istəyirəm sənə bir vəzifə verim.
Bəhlul Danəndə deyir:
– Məni elə vəzifəyə qoy ki, işimi özgəsi görməsin.
Xəlifə deyir:
– Onda bu gündən səni bazara nəzarətçi qoyuram. Hər gün gedərsən bazara, qayda-qanun yaradarsan, qoymazsan bir kimsə bir başqasını aldatsın. Çəkiyə, haqq-hesaba nəzarət edərsən.
Elə həmin gün Bəhlul Danəndə gəlir bazara. Görür ki, bir uşaq qəssabdan ət istədi. Qəssab uşağı aldadıb əti yarım kiloqram əskik çəkdi. Uşaq əti alıb gedən kimi bir it qəssabın qabağından bir budu götürüb qaçdı. Bəhlul bu hadisəni görən kimi qayıdır evinə. Düz bir həftə işə çıxmır.
Xəlifəyə xəbər çatdırırlar ki, bəs sənin təzə təyin elədiyin darğa bazara bir həftədir ayaq basmır.
Xəlifə Bəhlulu çağırtdırıb deyir:
– Qardaş, bəs mən sənə vəzifə verdim ki, bazarda qayda-qanun yaradasan, amma sən çəkilib oturmusan evdə. Belə niyə?
Bəhlul bazarda gördüyü əhvalatı xəlifəyə danışıb axırda deyir:
– Orda mənsiz də qayda-qanun yaradan var, daha mənə ehtiyac yoxdur.