Atalar sözləri

Hikmət xəzinəsi

Xalq müdrikliyinin ifadəsi olan atalar sözləri həm yığcam, həm də dərinmənalı olur. İllərin, əsrlərin sınağından çıxan bu hikmətli sözlər bizə doğru yol göstərir. Az sözlə çox məna bildirən bu ifadələr əsl hikmət xəzinəsidir. Atalarımız hər ifadədə bizlərə dəyərli öyüd və nəsihətlər verirlər. Bəzən isə atalar sözlərində uluların bizə çatdırmaq istədikləri mənanı tapmaq o qədər də asan olmur. 


Məsələn, “Bağa baxarsan, bağ olar, baxmazsan, dağ olar” kəlamındakı “dağ” sözünü bir çoxları “yüksəklik” mənasında başa düşür. Lakin bu sözün başqa mənası da var: dərd, yara (ürəyinə dağ çəkmək). Bu atalar sözündə dağ “dərd” mənasında işlənib. Yəni əgər bağa yaxşı baxsan, o da yaxşı məhsul verər, ürəyin açılar, sevinərsən. Yox, əgər yaxşı qulluq etməsən, məhsul götürə bilməzsən, bu da sənin üçün dərd olar, bağ gözdağına çevrilər. 


Bəzi atalar sözləri isə zaman keçdikcə öz ilkin formasını dəyişir, bizə yeni variantda çatır. 


Məsələn, “Su kiçiyin, yol böyüyün” şəklində dilimizdə işlənən atalar sözünə diqqət edək. Bu atalar sözünü əsas tutaraq suyu ilk növbədə kiçiyə təklif edir, yolla gedərkən böyüyü qabağa buraxırlar. Lakin ilkin variantda bu kəlamda “su” deyil, “suç” (səhv, günah) sözü işlənib. Müdriklərin fikrincə, kiçiklər səhv edə bilərlər, lakin böyüklərin vəzifəsi onlara doğru yol göstərməkdir. İndi “suç”, yəni “günah” sözünün sonundakı samit düşüb və “su” şəklində işlənir. Dilimizdə bu gün də yeni atalar sözləri yaranır. Biz xalqın hikmət xəzinəsini qorumalı, gələcək nəsillərə ötürməliyik.