Şeirlər

Hikmət Ziya. “Kirpinin düz sözü”

Durub qış yuxusundan,
 Xeyli gərnəşdi Ayı. 
Dedi: – Bal yeyəm gərək 
Mən bütün yazı, yayı. 
– Çıxdı mağarasından, 
Gəzdi meşə boyunca… 
Pətək tapa bilmədi, 
O, bal yeyə doyunca. 
Birdən rast gəldi Qurda: 
– Nə gəzirsən, de burda? 
– Heç soruşma, – dedi Qurd. 
– Bu səhər yavaş-yavaş 
Sürüyə yan alırdım, 
Qovdu məni Alabaş. 
Elə həmin andaca 
Tülkü çıxdı böyürdən: 
– Bu gün hinə girəndə
 Az qaldı tutulum mən. 
– Eyib olsun! – söylədi
 Bu an Kirpi qıraqdan. 
– Qulaq asıram sizə 
Durub burda bayaqdan.
Elə boy-buxunla siz 
Sevsəydiniz zəhməti, 
Bir qarın yemək üçün 
Gəzməzdiniz xəlvəti.