Nağıllar, hekayələr

Zəhmətkeş qızlar

Biri vardı, biri yoxdu, dünyada dörd bacı vardı: Qış, Yaz, Yay, Payız. 


Qışın saçları da, özü də ağ idi. Yazın sifəti ağ, gözləri mavi, paltarı yaşıl idi. Yayın da paltarı yaşıldır. Başında çələng vardı, gündən qaralmışdı. Payızın da uzun saçları var idi, başına sapsarı şal örtmüşdü.

 

Bir gün Qış, Yaz və Yay bacıları Payızın yanına qonaq getdilər. Onun süfrəsində hər şey: alma, gavalı, yemiş, ağ çörək və ətirli bal var idi. Bacılar yeyib-içib, qonaqlıq üçün Payıza təşəkkür etdilər.


Payız dedi:

– Mənə təşəkkür etməyin. Mən sizə “sağ ol” deməliyəm. Qış, sən torpağı qar yorğanı ilə örtmüsən. Yaz, sən tarlanı yağış sularınla suvarmısan. Yay, sən isə yerə parlaq günəş göndərmisən ki, hər şey yetişsin.
Bacılar sevindilər:

– Deməli, bu naz-nemətin yaranmasında bizim də əməyimiz olub?
Payız:

– Əlbəttə, olub. Biz hamımız yaxşı çalışmışıq ki, insanlar bol məhsul götürsünlər.