Mədəni irsimiz

Akademik Milli Dram Teatrının tarixi

Azərbaycanda lap qədimlərdən elə xalq mərasimləri, el şənlikləri vardı ki, orada çağdaş teatrın estetik prinsiplərini təcəssüm etdirən oyunlar mövcud idi.


“Sayaçı”, “Yuğlama”, “Yel baba”, “Cütçü şumu”, “Kəvsəc”, “Kosa-kosa”,“Qaravəlli” və bu kimi xalq mərasim və oyunları milli xalq eatrımızın inkişaf mərhələlərini təminatlandırıb. Haqqında söhbət gedən oyunların zəminində xalq dramları yaranıb. Bütövlükdə “Kilimarası” kimi ümumiləşdirilən xalq oyunlarının çağdaş Kukla teatrının peşəkar səviyyəyə çatmasında böyük əhəmiyyəti olub.


XIX əsrin  40-50-ci illərində Azərbaycanın Şuşa və Şamaxı şəhərlərində teatr binaları tikilib. Həmin binalarda müxtəlif müsamirələr keçirilib. Ancaq təəssüflər olsun ki, bu teatr binalarında göstərilən tamaşalar barədə əldə heç bir tarixi sənəd (məsələn, afişa, elan, tamaşa proqramı və sairə) yoxdur. Məhz buna görə də tarixi fakt – sənədə əsaslanaraq milli peşəkar (professional) teatrımızın təşəkkül tarixini 10 mart 1873-cü ildən götürürük.


Qafqazın XIX əsrdə siyasi və mədəniyyət mərkəzlərindən sayılan Tiflisdə yaşayan on minlərlə azərbaycanlıdan biri də Mirzə Fətəli Axundzadə idi.


Canişinliyin dəftərxanasında qulluqda olan kapitan Mirzə Fətəli Axundzadə 1850- 1852-ci illərdə “Molla İbrahimxəlil kimyagər”, “Lənkəran xanının vəziri”, “Müsyö Jordan və dərviş Məstəlişah”, “Hacı Qara”, “Xırs Quldurbasan”, 1855-ci ildə “Mürafıə vəkilləri” komediyalarını yazıb oxuculara təqdim etmişdi. “Təmsilat” adlanan bu altı əsər qısa müddətdə fars, fransız, rus, alman, gürcü… dillərinə tərcümə edilmişdi. Hətta Tiflisin ev teatrlarında rus dilində göstərilmişdi. Peşəkar dramaturgiyamızın təşəkkülü milli peşəkar teatrın doğuluşundan 23 il əvvəl baş verib.


Görkəmli maarifçi Həsən bəy Zərdabinin rəhbərliyi ilə Bakı realnı məktəbinin şagirdləri 1873-cü il martın 10-da «Nəciblər klubu»nda M.F.Axundovun «Lənkəran xanının vəziri» komediyasını tamaşaya hazırladılar. Bununla da professional milli teatrımızın, başqa sözlə, Akademik Milli Dram Teatrının (AMDT) bünövrəsi qoyuldu.

Əvvəllər pərakəndə, sonra isə müxtəlif birliklər və truppalar şəklində («Müsəlman Dram Artistləri İttifaqı», «Nicat», «Səfa» mədəni-maarif cəmiyyətləri, «Hacıbəyov qardaşları müdiriyyəti» və s.) tamaşalar verən teatr 1919-cu ildən bu günədək Dövlət Teatrı statusu ilə fəaliyyət göstərir.

Teatrın adı müxtəlif illərdə Hökumət Teatrosu, Birləşmiş Dövlət Teatrosu, Azərbaycan Türk Dram Teatrosu və s. adlandırılmış, Dadaş Bünyadzadənin (1923-1933) və Məşədi Əzizbəyovun (1933-1991) adlarını daşımışdır. Sənət ocağı 1991-ci ildən Akademik Milli Dram Teatrı adlanır.

Yüksək nailiyyətlərinə görə teatra Akademik adı verilmiş (1959), Qırmızı Əmək Bayrağı (1948) və Lenin (1974) ordenləri ilə təltif edilmişdir.

Əsrimizin əvvəllərində dəstələr halında Qafqazda, Türkiyədə, İranda, Volqaboyu şəhərlərdə, Orta Asiyada və s. yerlərdə qastrol səfərlərində olmuş teatr, Dövlət statusu aldıqdan sonra Moskvada, Sankt-Peterburqda, Kazanda, İrəvanda, Tiflisdə, Daşkənddə, Aşqabadda, Türkiyədə, Kiprdə,  Almaniyada, Gürcüstanda, Simferopolda uğurlu çıxışlar etmişdir.

Azərbaycan Akademik Milli Dram Teatrının ötən əsrin müxtəlif dövrlərində 50 (1923), 75 (1948) və 100 (1974) illik yubileyləri təntənə ilə keçirilmişdir. Həmin dövrlərdə teatrın «Şərqin səhəri» ( Ə.Məmmədxanlı) tamaşası SSRİ Dövlət mükafatına, «Antoni və Kleopatra» (U.Şekspir), «Mahnı dağlarda qaldı» (İ.Əfəndiyev), «Şəhərin yay günləri» (Anar) və «İblis» (H.Cavid) tamaşaları isə Respublika Dövlət mükafatlarına layiq görülmüşdür. Azərbaycan müstəqillik qazanandan sonra isə bu səhnə ocağının yaranmasının 125, 130 və 135 illiyi münasibəti ilə yubiley tədbirləri keçirilmişdir.


Teatrın iki yaruslu zalı 530 tamaşaçı üçün nəzərdə tutulub. Onun strukturuna yaradıcı və texniki heyət, bundan başqa prodüser fəaliyyəti və analitik informasiya şöbəsi, arxiv, muzey və s. bölmələri daxildir.

Yaradıcı heyətə 4 rejissor assistenti, baş rəssam, truppa müdiri, ədəbi dram hissəsinin rəhbəri, bədii quruluş hissə müdiri, musiqi hissə müdiri, balet üzrə repetitor, vokal üzrə repetitor, texniki heyətə səhnə quraşdırma sahəsi, radio, işıq, geyim, qrim, tikiş (qadın və kişi), butafor, əlbisə, dülgər sexlərinin işçiləri daxildir.

Aktyor truppasında 15 Xalq Artisti, 26 Əməkdar Artist, 14 dram artisti və 7 yardımçı heyət artisti fəaliyyət göstərir.

Əsaslı təmirdən sonra, 2011-ci il mart ayının 10-da teatr mövsümünü açmışdır.