Görkəmli şəxsiyyətlər

Volter

1769-cu ildə Paris poçtuna qəribə ünvanı olan məktub gəlmişdi: "Şairlərin kralına, millətlərin filosofuna, Vətənin natiqinə, incəsənətin Merkurisinə". Poçt işçiləri dərhal məktubu Volterin o vaxt yaşadığı İsveçin Ferney qalasına göndərdilər. Viktor Hüqo onun haqqında belə yazmışdı: "Volter insan deyil, o, bütöv bir qərinədir". 

 

Fransız yazıçı, filosof və tarixçi Volter 84 il ömür sürüb və onun bütün bu həyatı daimi iş və öz inancları uğrunda mübarizə ilə zəngin olub. Volter zadəgan ailəsindən olmayıb. Atası Arue soyadlı sadə notarius işçisi olub. Atasının təkidi ilə Fransua hüquqşunas olmağa hazırlaşırdı, hərçənd ki onun erkən yaşlarından ədəbiyyata böyük həvəsi var idi.

 

Hələ Cizvit kollecində təhsil alarkən Volter "yüngül poeziya" ruhlu şeirlər yazmağa başlamışdı. Onlar həyatın gözəlliklərindən zövq almağa çağırır, eyni zamanda krallığa qarşı hücumları da özündə əks etdirirdi. Bu, diqqətdən kənar qalmadı və gənc şairi Bastiliyada  həbsə saldılar. Orada o, ilk faciəsini "Edip"i bitirdi. Həbsdən azad olunan zaman Volter dəbdə olan şair oldu, amma nüfuzlu bir zadəgan qraf Roqan-Şabo ilə mübahisəsinə görə o yenidən zindana düşdü və ardından Fransadan İngiltərəyə göndərildi. 

 

Onun sürgünü 3 il davam etdi və bütün bu vaxtını qiraətə sərf edib, ədəbiyyat, tarix və fəlsəfə biliklərini artırıb. Fransaya qayıdan zaman Volter "İngiltərə haqqında məktublar" adlı kitabını nəşr etdirib. Burada o, Britaniya hakimiyyətinin dini tolerantlığını danışıb və ilk dəfə fransızlara Nyuton fəlsəfəsindən məlumat verib. Kitabın dərcindən dərhal sonra Fransa parlamenti müəllifin protestantları müdafiə etməsini əsas gətirməklə nəşrin yandırılması barədə qərar qəbul edib. 

 

Volter yenidən ölkədən qaçmaq məcburiyyətində qalır və o, Siredə markiza dyu Şatlenin mülkündə məskunlaşır. Burada o, hər gün dayanmadan işləyir, fəlsəfi kitablar, faciə janrında əsərlər yazır. Markiza dyu Şatlenin vəfatından sonra Volter bir neçə ilini Prussiya kralı II Fridrixin yanında keçirib. Belə ki, orada da o öz baxışlarına sadiq qalıb, hansı ki buna görə o bu ölkəni də tərk etməyə məcbur olub. Volter İsveçrəyə yollanır və özünün Delis mülkündə yerləşir, daha sonra o, ömrünün son 20 ilini keçirdiyi Ferney qalasına köçüb. 

 

O çox nadir hallarda evi tərk edərdi, amma mütəmadi yazışmalar aparırdı və buna görə də Avropada baş verən hadisələrdən yaxşı xəbərdar idi. Volterin bu yazışmaları ədəbi janra çevrildi. Onunla bir çox tac-taxt sahibləri, məsələn, rus imperatriçəsi II Yekaterina yazışıb. 

 

Volter ədəbiyyatı da unutmur. Fernedə onun "Kandid" , "Sadəruhlu" romanları, eləcə də faciələr, komediyalar, pamfletlər və şeirlər yaradılıb. Parlaq polemika ustası və publisist olan Volter həmişə katolik kilsəsinə qarşı çıxırdı. 

 

Ölümündən bir qədər əvvəl Parisə qayıdan zaman onu minlərlə pərəstişkarı qarşılamışdı. Bu barədə həmin günlərdə Fransada olan rus yazıçısı D.Fonvizin yazıb. Amma ölümcül xəstəliyə tutulan yazıçı bu zəfərdən 2 ay sonra dünyasını dəyişdi. Volterin dəfni gözlənilməz yürüşlərə səbəb ola biləcəyi üçün hakimiyyət filosofun cənazəsini gizlicə Parisdən çıxararaq Seller abbatlığında torpağa tapşırıb. Volterin nəhəng kitabxanası Rusiya hökuməti tərəfindən alınaraq Sankt-Peterburqa gətirildi. Volterin ən tam əsərlər toplusu məhz Rusiyada nəşr olunub. Bu onun ölümündən cəmi 9 il sonra baş vermişdi.