Görkəmli şəxsiyyətlər

Əli Səmədli

Azərbaycan uşaq ədəbiyyatının görkəmli yazıçısı Əli Qafur oğlu Səmədli 1930-cu il sentyabr ayının 1-də Göyçay rayonunun Mallışıxlı kəndində, müəllim ailəsində anadan olub.

 

O, 1948-ci ildə Göyçay şəhərində orta təhsilini başa vuraraq, Bakı şəhərinə gəlmiş, İncəsənət İnstitutunun (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) Teatrşünaslıq fakültəsinə daxil olmuşdur. Əmək fəaliyyətinə 1953-cü ildə Pirallahı adasındakı fəhlə yataqxanasında tərbiyəçi müəllim kimi baş lamışdır. Sonra Azərbaycan SSR Mədəniyyət Nazirliyində (indiki Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi) inspektor, Respublika kinoprokat idarəsində rəis müavini, Azərbaycan Kinematoqrafçılar İttifaqında sovet incəsənətinin təbliği bürosunun direktoru, "Azərbaycan pioneri" qəzeti redaksiyasında "Ədəbiyyat və incəsənət" şöbəsinin müdiri olmuş- dur. Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində ədəbi-dram redaksiyasında redaktor kimi çalışmışdır. Ə.Səmədli ədəbi yaradıcılığa 1959-cu ilin mayında "Ədəbiyyat və incəsənət" qəzetində çap olunan "Unuda bilmirəm" hekayəsi ilə başlamışdır. Bundan sonra dövri mətbuatda hekayələrlə müntəzəm çı xış etmişdir. Əli Səmədli ədəbiyyatın bütün janrlarında qələmini sınamışdır. Yazıçının "Ən böyük yalançı" adlı nağılı ilk dəfə "Azərbaycan pioneri" qəzetində dərc edilmişdir. "Aqil babanın nağılları" adlı ilk kitabı 1962-ci ildə işıq üzü görmüşdür. Onun "Artıq tamah baş yarar", "Hərənin bir ulduzu", "Kibrit çöplərinin macərası", "Sehrli xalça", "Siçanların toyu" və s. əsərləri respublika dövlət teatrında tamaşaya qoyulmuşdur.

 

Əli Səmədli 55 ildən artıq uşaq və gənclər ədəbiyyatı sahəsində ədəbi fəaliyyət göstərmişdir. O, 40-a yaxın kitabın və 33 səhnə əsərinin müəllifidir. Ayrı-ayrı əsərləri 20-dən artıq xarici dilə tərcümə edilmişdir. Türk, özbək, türkmən, qırğız, belarus və başqa dillərdə kitabları nəşr olunmuşdur. "Artıq tamah baş yarar" nağılpyesi 1964-1983-cü illərdə A.Şaiq adına Dövlət Kukla Teatrında 1500 dəfə tamaşaya qoyulmuşdur.

 

​Görkəmli yazıçı Əli Səmədli 2006-cı il may ayının 30-da vəfat etmişdir.