Nağıllar, hekayələr

“Birinci addım”

Gülhüseyn Hüseynoğlunun “Bərk ayaqda” hekayəsi əsasında

 

Vaqiflə bir məhəllədə oluruq. Bir məktəbdə, bir sinifdə oxuyuruq. Çox vaxt dərsə də birlikdə gedib-gəlirik. Ya o məni çağırır, ya mən onu. Bu, kimin tez durmasından asılı olur. Cümə günü səhər mən onu çağırdım: 
- Vaqif! Ay Vaqif! 
- Gəldim, Arif... Bu saat... 
O özünü yetirdi: 
- Gecikməmişik ki?
- Yox, hələ iyirmi dəqiqə var. 
- Nə yaxşı! Onda tələsməyə dəyməz. Asta-asta gedək. Çatarıq. 
Birlikdə məktəbə tərəf yönəldik. Yolda ondan soruşdum: 
- Dərslərini öyrənmisən, Vaqif? 
- Eh, haradan? Azərbaycan dilindən tapşırığa baxmağa heç vaxtım olmayıb. Sən, yəqin, həmişəki kimi, hamısını bilirsən. 
Vaqifin səsində kinayə duysam da, özümü o yerə qoymadım. 
- Həmişəki kimi, - deyə cavab verdim. 
- Sənə nə var ki! Sinfimizin gözüsən. Bütün qiymətlərin “5”-dir. 
- İstəsən, sən də ola bilərsən. 
- Eh, məndə o səbir hanı, oturum sənin kimi, gecə-gündüz kitab oxuyum. Oxu, oxu... Axı nə qədər olar?! 
Vaqif bunu elə dedi ki, guya səbirli olmaq, zəhmət çəkib dərs oxumaq böyük iş deyil. Sadəcə, onun oxumağa həvəsi, oturmağa səbri yoxdur. 
Sinifdə məlum oldu ki, uşaqların da bir neçəsi Azərbaycan dilindən tapşırılan mətni öyrənməyib. Qorxu canlarını almışdı. İş elə gətirdi ki, Azərbaycan dilindən əvvəlki dərsimiz boş keçdi. İngilis dili müəllimimiz gəlməmişdi. Bir də onu gördüm ki, uşaqlar ətrafıma yığışıblar. Məndən dərsi danışmağımı xahiş edirlər. Mətni danışmağa başlayanda Vaqifi də çağırdım. O, pəncərə qabağında durmuşdu, küçədən keçənlərə tamaşa eləyirdi. Mənim səsimə lovğalıqla əlini havada yellədi: 
- Onlara danış, onlara. 
Mən... mən... - mənə elə gəldi ki, o, “bilirəm” demək istəyirdi, ancaq sözünü tez uddu. Yadına düşdü ki, səhər dərsə gələndə mənə “bilmirəm” deyib. 
- Mən, necə olsa, çulumu sudan çıxara bilərəm Uşaqlardan hansısa onu sancdı:

- Birdən çulun ağır oldu, səni batırdı?! 
- Öz dərdini çək, ey! Nə yaxşı Arif varmış, yoxsa nə edərdiniz?! 
Uşaqlar da onun sözünü cavabsız qoymadılar: 
- Küçədən keçənlərə tamaşa edərdik. Sənin kimi. 
Mən mətni danışdım, sual və tapşırıqları izah elədim. Artıq sinifdə hamı dərsə hazır idi. Bircə mənim məhəllə yoldaşım, dostum Vaqifdən savayı.

İşin tərsliyinə bax! Müəllim dərsə başlar-başlamaz birinci Vaqifi çağırdı. O, inamsız addımlarla yazı taxtasına tərəf yönəldi. Gedərkən söylədiyi “yaman ilişdim...” sözləri aydınca eşidildi. Ancaq bilmədim bunu müəllim də eşitdi, ya yox? Mən ön sırada oturmuşdum. Vaqif qabağımda durub mənə göz-qaş eləməyə başladı. Bu jestin mənasını başa düşmək çətin deyildi: 
“Arif, kömək elə, məni vəziyyətdən çıxart”. Bir sözlə, o istəyirdi ki, mən ona suflyorluq edim. Mən utanıb başımı aşağı saldım. Həm Vaqifə, həm də özümə görə utanırdım. Müəllim başını qaldırıb: 
- Hə, Vaqif, danış, səni eşidirəm, - dedi. 
Vaqif düşdüyü vəziyyətdən çıxa bilmirdi. Mən Vaqifi indiyədək belə aciz, yazıq vəziyyətdə görməmişdim. Müəllim məsələni başa düşmüşdü: 
- Keç otur, “2” alırsan. 
Müəllim bu dəfə məni çağırdı. Mən dərsi danışdıqdan sonra dedi: 
- Yaxşı cavab verdin. Bəs dostuna niyə kömək eləmirsən?! Vaqifi deyirəm. Görürsən, heç nə bilmir. Belə getsə, sinifdə qala bilər. Onunla bir məşğul olsana... Yaxşı, keç otur, “5”. 

Mən müəllimə deyə bilmədim. Deyə bilmədim ki, dostuma kömək eləməyə hazıram, ancaq o özü bundan boyun qaçırır. Yox, deyə bilmədim.

Tənəffüsdə ona yaxınlaşdım. Məni acıladı: 
- Adamı tanımaq olmazmış. Hələ bir utanmır, “dost” da deyir. 
- Mən elə indi də sənə dost deyirəm. 
- Dosta bax! Bərk ayaqda adamı qoyub qaçandan da dost olar?! 
- Sən nə danışdığını heç bilirsən?! 
- Səninlə danışmaq istəmirəm. Sən də məni danışdırma, bildin?! Bundan sonra mənim Arif adında dostum yoxdur, vəssalam! 

O gün ilk dəfə olaraq məktəbdən evə bir yerdə qayıtmadıq. Yolboyu hərəkətlərimizi götür-qoy edirdim. Niyə Vaqif məndən küsdü? Təqsirim nə idi ki? “Bərk ayaqda adamı qoyub qaçan”. O nə üçün mənə belə dedi? Ona suflyorluq eləmədiyimə görə, hə? Bəs o özü yoldaşlarına lağ eləyib “onlara danış, onlara” deyəndə yaxşı idi?! 
Müəllimin gözü qabağında mən ona necə kömək edə bilərdim?! Lovğalanmasaydı, bəlkə də, edərdim. Bəli, bəli, müəllimin acığına gəlsəydi də, kömək edərdim. Bircə lovğalanmayaydı... 

İki həftə idi ki, Vaqiflə küsülü idik. Məktəbə ayrı gedir, ayrı qayıdırdıq. Nə mən onlara gedirdim, nə də o bizə gəlirdi. Dünən çörək almaq üçün mağazaya girəndə Vaqifin anasını gördüm. Səadət xala Vaqifdən şikayət elədi. Dedi ki, dərslərini oxumur. Məndən xahiş etdi ki, ona dərslərində kömək edim. Mən isə heç nə deyə bilmədim.

Fikir məni götürmüşdü. Deyəsən, atam bunu hiss edirdi. Axşam otaqda ikimiz tək qalanda dedi: 
- Sən məndən nə isə gizlədirsən. Bir şey olmayıb? 
- Yox, ata, - mızıldandım. 
- Yenə də. Sən ki məndən heç nə gizlətməzdin! Bəlkə, dostlarınla sözləşmisən? Vaqif neçə gündür gözümə dəymir. De görüm, küsüb eləməmisən ki? 

Atam yaman yerdə yaxalamışdı məni. Əslində, elə mənim özümün də ürəyim dolu idi. Danışmağa adam axtarırdım. Atamdan yaxşı məsləhətçi kimi tapacaqdım ki?! Odur ki olanların hamısını danışdım. Atam bir qədər fikrə gedib dedi: 
- İki həftə küsülü qalmaq... Bu heç yaxşı hərəkət deyil. Oğul, yəqin ki, Vaqif də indi peşman olub. Deyirsən, o, lovğadır, qürurludur. Elə buna görə də sənin yanına gəlməyəcək. Yaxşı olar ki, birinci addımı sən atasan. Gedib onu evimizə çağırasan. Oturub bir yerdə dərs öyrənərsiniz. 
- Bəs mənim qürurum yoxdur? Mən uşaqlara dərsi başa salanda onlara da, mənə də lağ edirdi. İndi mən onun ayağına getməliyəm?! 
Atam mat-mat üzümə baxdı. Deyəsən, məndən belə cavab gözləmirdi. Başını bulayıb dedi: 
- Zəif adam yıxılıbsa, ona kömək edib ayağa qaldıran adamın mənliyinə xələl gəlməz. Bu gün Vaqiflə müqayisədə sən güclüsən. Onun sənə ehtiyacı var. Sən ona kömək etməsən, sinifdə qala bilər, bəlkə də, taleyi puç olar. Mənə elə gəlir ki, indi səni narahat edən də elə budur. Bircə onu başa düşməlisən ki, birinci addımı atmağın səni daha da güclü edər. Mənimlə razısan? 
- Razıyam. 
- Onda vur bura. 
Atam, həmişəki kimi, sağ əlini yuxarı qaldırdı. Mən də sağ əlimlə onun əlinə vurdum. 
- Dostum, güclənmisən haa! - o, həmişə belə deyir. 
Bu söhbətdən sonra xeyli yüngülləşdim. Sabah Vaqifə yaxınlaşıb onu danışdıracağam. O mənimlə danışacaq. Mütləq danışacaq...