Görkəmli şəxsiyyətlər

Qlen Kaningem

Bir vaxtlar ABŞ-ın Kanzas ştatında Qlen adlı bir oğlan yaşayırdı. Səkkiz  yaşlı Qlen Kaningem evlərinin yaxınlığındakı məktəbdə oxuyurdu. O zamanlar qış aylarında məktəbi odun sobası ilə qızdırırdılar. Hər sinifdə növbətçi şagird hamıdan əvvəl gəlib otaqdakı sobanı yandırırdı ki, dərs başlanana qədər sinif otağı isinsin. 1917-ci ilin soyuq qış günü idi. Həmin gün Qlen sinifdə növbətçi idi. O, səhər tezdən gəlib odunları sobaya yığdı. İçində ağ neft saxlanılan şüşəni götürüb oradakı mayenin yarısını odunların üstünə tökdü və kibriti çəkdi... Elə bu zaman dəhşətli partlayış baş verdi. Bir anın içində hər yeri alov bürüdü. Sonradan məlum oldu ki, şüşənin içindəki neft yox, benzin imiş.

 

Qlen özünə gələndə şəhər xəstəxanasında idi. Onun sağ qalması möcüzə idi. Amma Qlenin diz və baldır nahiyəsində əti tamamilə yanmış, üstəlik, pəncə sümüyü də əzilmişdi. Həkimlər Qlenin valideynlərinə deyirdilər ki, uşağın ayaqlarını mütləq kəsmək lazımdır, yoxsa o, sağ qalmaz. Lakin Qlenin necə stress keçirdiyini görən valideynləri buna razı olmurdular. Ruhi sarsıntı içində olan ata-ana hər gün həkimlərdən amputasiyanı təxirə salmağı xahiş edir və gecələr yatmadan Allaha dua edirdilər ki, Qlen sağalıb ayağa dursun. Beləcə, iki ay keçdi. Bu iki ay ərzində hər gün həkimlərlə valideynlər arasında mübahisə düşürdü. Qlen və valideynləri sağalmağa ümidlərini itirmirdilər.

 

İki aydan sonra sarğılar açılan zaman məlum oldu ki, Qlenin ayaqları sağalmağa doğru gedir. Lakin onun bir ayağı digərindən 6 sm qısa idi və sol ayaqda, demək olar ki, barmaqlar qalmamışdı. Amma oğlan inadından dönmürdü. Ağrıdan qovrulmasına baxmayaraq, hər gün yataqda uzandığı halda idman hərəkətləri edirdi. Bir müddətdən sonra isə o, gündə iki-üç addım atmağa başladı. Xəstəxanadan çıxan Qlen bir neçə ay qoltuqağacları ilə gəzdi və fiziki məşğələləri davam etdirdi. Nəhayət, iki ildən sonra Qlen müstəqil yeriməyə, hətta qaçmağa başladı. O, qaçır, qaçır və qaçırdı. Sanki xəstəxanada çəkdiyi acılardan mümkün qədər uzaqlaşmağa çalışırdı. Az sonra məlum oldu ki, Qlen başqalarından daha sürətlə qaçır. Özündəki bu bacarığı hiss edən oğlan idman yarışlarında iştirak etməyə başladı. Qlen Kanzasın, sonra isə ABŞ-ın qaçış üzrə çempionu oldu.

 

X Yay Olimpiya Oyunlarında 23 yaşlı Qlen Kaningem 1500 metrlik məsafəyə qaçış üzrə 4-cü yeri tutdu. 1934-cü ildə Qlen 1 mil məsafəni 4:06 dəqiqəyə qaçaraq yeni dünya rekorduna imza atdı. Bir neçə il sonra isə o, 800 metrlik məsafə qaçışında rekord vurdu. 1940-cı ildə Qlen idmandan getdi. Onun qaçış üzrə rekordları çox sonralar başqa bir atlet tərəfindən təzələndi. Beləliklə, vaxtilə kəsilməyə məhkum edilmiş ayaqları Qlen Kaningemə neçə-neçə dünya rekordu qazandırdı və onu məşhurlaşdırdı. Bütün bunlar onun ağlasığmaz iradəsi, özünə inamı nəticəsində baş verdi. Hazırda Qlen Kaningemin anadan olduğu Elxart şəhərində onun adını daşıyan park var. Kaningemi hələ öz sağlığında “Elxart ekspres”, “Kanzasın polad atı”, “Dünyanın ən sürətli adamı” adlandırırdılar. 


O, “XX əsrin idmançısı” adını qazanmış nadir atletlərdən biridir.