Odlar Yurdu

Pəri qalası

Zaqatala rayonunun ərazisində orijinal xüsusiyyətlərə malik qədim tarixi-memarlıq abidələri çoxdur. Belə abidələrdən biri də rayonun Yuxarı Çardaxlar kəndinin ərazisində yerləşən və inşa tarixi III-V əsrlərə aid edilən “Pəri qalası”dır.


Dağın ətəyində, dəniz səviyyəsindən 700-800 metr hündürlükdə yerləşən Yuxarı Çardaxlar kəndi rayon mərkəzindən 15 kilometr aralıdadır. Rayon ərazisində dövlət mühafizəsinə götürülmüş 108 tarixi abidədən üçü – “Pəri qalası”, XIII əsrə aid bürc və XVII əsrə aid məscid bu kəndin ərazisində yerləşir. 


Alban memarlığının əlçatmaz dağ zirvəsində tikilən ən təkrarolunmaz nümunəsi hesab edilən “Pəri qalası” Yuxarı Çardaxlar kəndindən 300 metr aralıda, dağın üzərində, yerdən 150-200 metr hündürlükdə tikilib. Üç otaqdan ibarət qalanın ümumi sahəsi 30 kvadratmetrə yaxındır. Qalaya getmək üçün vaxtilə qayadan yonulmuş 1-1,5 metr enində yol olub. Həmin yolun qalıqları hələ də qalmaqdadır. Qayalıq ərazidə hərəkət etmək üçün xüsusi hazırlığı olan adamlar həmin cığırdan istifadə etməklə qalaya daxil ola bilirdilər.


“Pəri qalası”nın dəqiq inşa tarixi tam bəlli olmasa da, tədqiqatçılar tikilmə üslubuna görə qalanın Qafqaz Albaniyası dövründə inşa olunduğunu güman edirlər. Qala strateji baxımdan çox əlverişli bir yerdə tikilib. Əraziyə gələn bütün yollar qaladan aydın görünür. Ehtimal olunur ki, düşmən ordusunun yaxınlaşdığını görən gözətçilər dərhal elin gəlin və qızlarını, uşaqları bu qalaya qaldırar, düşmən ərazini tərk etmədən aşağı endirməzdilər. Əfsanəyə görə, qalanın adı da elə bununla bağlı olub: elin pərilərini - qızlarını qoruyan qala.


Yerli əhali arasında bu qalaya “Pəri qalası” ilə yanaşı, “Qız qalası” da deyirlər. Bəzi mənbələrdə isə bu qala “Dağ içi qala” da adlandırılır. Azərbaycanda, eləcə də dünyada uca dağların üzərində tikilən qalalar çoxdur. “Pəri qalası”nın əsas özəlliyi isə ondadır ki, onun tikintisində daşdan istifadə olunmayıb. Qala qaya çapılaraq inşa edilib.


Qala ilə bağlı məlumatları araşdırdıqda belə nəticəyə gəlmək olar ki, bu məbəd əvvəllər başqa cür adlandırılıb. Ehtimal olunur ki, məbədin “Pəri qalası” adlandırılması VIII əsrdə ərəblərin bu bölgəyə gəlməsi, İslamın yayılması və bundan sonrakı dövrlərlə bağlıdır. Görünür, strateji cəhətdən əlçatmaz dağ relyefində yerləşən bu qala ərəblərə, sonrakı dövrlərdə isə digər yadelli işğalçılara qarşı yerli əhalinin silahlı müqavimət göstərdiyi ən mühüm istehkamlardan biri olub.


Bir sıra mənbələrdə qalanın XIV əsrin sonlarında Cənubi Qafqaza yürüş edən Teymurləngin qoşunlarına şiddətli müqavimət göstərmiş yerli əhalinin əsas istehkamlarından biri olması göstərilir. Əfsanəyə görə, qalaya hücum edən Teymurləngin qoşunlarına qarşı döyüş əməliyyatlarına Pəri adında qadın rəhbərlik edirmiş. Əmir Teymura qalanın alınmaz olması haqqında məlumat verirlər. Bu zaman Teymurləng qalanın hücumuna şəxsən özünün rəhbərlik edəcəyini, həmin qadını da özünün xanımı edəcəyini bildirir. Lakin Pəri Teymurləngin təslim olmaq barədə təklifini rədd edir. Uzun sürən ağır döyüşlərdən sonra Teymurun əsgərləri məbədi çox çətinliklə də olsa tuturlar. Düşmən əlinə keçməmək üçün Pəri özünü qayadan atır. Ehtimal olunur ki, bu hadisədən sonra məbəd “Pəri qalası” adını alıb.


Rəvayətlərdən birində isə Pərinin qalada yaşaması üçün dağdakı su mənbəyindən buraya qamış borularla su xəttinin çəkildiyi də deyilir.


Hazırda “Pəri qalası” nəinki Yuxarı Çardaxlar əhalisinin, eləcə də bütün zaqatalalıların ən çox ehtiram bəslədikləri tarixi abidələrdən biridir.