Nəriman Həsənzadə. Mən doğruçu oğlanam
Mən yalan danışmaram,
Mən doğruçu oğlanam.
Bunu hamıdan yaxşı
Bilir qardaşım, anam.
Anam soruşur: -Həsən,
Konfeti sən yemisən?
-Mən yemişəm, anacan,
Nə üçün deyim yalan?
Qardaşım deyir: -Həsən,
Qələmi götürmüsən,
Döşəməyə vurmusan,
Ucunu sındırmısan?
-Bilməmişəm, vurmuşam,
Bəli, mən sındırmışam.
Bacım deyir: -Bilmirəm,
Kim cırıb dəftərimi.
Çantam da yoxa çıxıb,
Axtarmışam hər yeri.
Deyirəm: -Mən cırmışam,
Xəttin gəlmir xoşuma.
Çantanı da atmışam
O dolabın başına.
Atam deyir: -Ay Həsən,
Doğruçu olsan da sən,
Bunun bir xeyri yoxdur,
Çünki qüsurun çoxdur!
25.01.2020