Görkəmli şəxsiyyətlər

Sergey Mixalkov

Öz həyatını uşaq kitablarına, cizgi və bədii bədii filmlərin ssenarisini yazmağa həsr edən Sovet ədəbiyyatının klassiki, şair , dramaturq Sergey Vladimiroviç Mixalkov 1913-cü ildə Moskvada anadan olub. 9 yaşından şeir yazmağa başlayıb. 15 yaşında şeirləri jurnal və qəzetlərdə dərc olunub.
1943-cü ilə dostu Qabo ilə ölkə himninin seçilməsi müsabiqəsində iştirak edib. Yazdığı sözlər Stalinin xoşuna gəlib və himn 1944-cü ildə ilk dəfə səslənib.


Böyük Vətən müharibəsi illərində hərbi müxbir kimi oçerk, hekayə, satirik şeir və felyetonlar yazıb. Mixalkovun aktual mövzulu təmsilləri məşhurdur. Yaşlılar üçün yazdığı "İlya Qolovin" (1950) pyesi "Ovçu"(1956), "Vəhşilər" (1958), "Özünə abidə..." (1959), "Xərçənglər", (1960) satirik komediyaları əhali arasında böyük rəğbət qazanıb. Onun gənc nəslin tərbiyəsindən bəhs edən "Hər şey uşaqlıqdan başlanır"(1968), "Zamanın əlamətləri"(1976) adlı kitabları vardır. Əsərləri bir çox dilə, o cümlədən Azərbaycan dilinə tərcümə edilib. "Xərçənglər", "Qiymətli oğlan" pyesləri Azərbaycan səhnəsində tamaşaya qoyulub.

 

S.V.Mixalkov SSRİ Yazıçılar İttifaqı İdarə Heyətinin katibi, RSFSR Yazıçılar İttifaqı İdarə Heyətinin sədri, 1962-ci ildən "Fitil" satirik jurnalının baş redaktoru vəzifələrində çalışıb.

 

O, 1971-ci ildən SSRİ Pedaqoji EA həqiqi üzvü , 1973- cü ildən Sosialist Əməyi Qəhrəmanıdır. Uşaqlar üçün canlı, maraqlı dildə yazdığı şeirlərində ("Styopa dayı", "Bəs sizdə nə var?" və s.) və pyeslərində ("Qırmızı qalstuk",1946, "Qiymətli oğlan",1971) gənc nəslə əməyə, vətənə məhəbbət, nəcib mənəvi-əxlaqi keyfiyyətlər aşılanır.

 

S. V. Mixalkov SSRİ Ali Sovetinin 8-10-cu çağırış deputatı olub. O, 3 dəfə Lenin ordeni, Oktyabr İnqilabı ordeni, 3 başqa orden və medallarla təltif olunub.

 

Sergey Mixalkov SSRİ-nin, eləcə də müstəqil Rusiyanın himninin müəllifidir. 


Sergey Mixalkov təxminən 20 il ərzində RSFSR Yazıçılar Birliyinə rəhbərlik edib. RSFSR və SSRİ Ali Sovetinin deputatı olub.

 

Sovet ədəbiyyatının klassiki Sergey Mixalkov 27 avqust 2009-cu ildə 97 yaşında vəfat edib. Mixalkov Moskva xəstəxanalarından birində dünyasını dəyişib.