Görkəmli şəxsiyyətlər

Memar Əcəmi

XI-XII əsrlər Azərbaycanda mədəniyyətin çiçəklənmə dövrü idi. Şəhərlər böyüyür, saraylar, məscidlər, qalalar tikilir, elm, incəsənət, poeziya inkişaf edirdi. Bu dövrdə yaşayıb-yaratmış dahi şəxsiyyətlərin adları tarixə qızıl hərflərlə yazılıb: Qətran Təbrizi, Bəhmənyar, Xətib Təbrizi, Nizami Gəncəvi, Xaqani Şirvani… Bu sənət ulduzları arasında parlaq işıq saçanlardan biri də Әcəmi ibn Әbu - bəkr Naxçıvani idi. O, Yaxın və Orta Şərqin dahi memarı kimi şöhrət qazanmışdır. Memar Әcəmini “şeyx-ül-mühəndis” (mühəndislərin başçısı) adlandırırdılar. Bu da təsadüfi deyildi. Əcəmi həm inşaatçı-mühəndis, həm də memar olmuşdur. Dahi sənətkar çox böyük ustalıqla həndəsi fiqurlardan naxışlar yaratmış, onları daş üzərinə həkk etmişdir.


Әcəmi Atabəylərin hakimiyyəti dövründə Naxçıvanda yaşamışdır. Hökmdar Şəmsəddin Eldəgizin birinci arvadı Möminə xatun vəfalı xanım, gözəl ana kimi hamının hörmətini qazanmışdı. O, Azərbaycan Atabəylər dövlətinin yaranması və möhkəmləndirilməsi üçün böyük işlər görmüşdü. 1175-ci ildə Möminə xatunun ölümü ərini çox sarsıdır. Deyilənə görə, xanımının məzarı üstünə gələn Şəmsəddin Eldəgiz üzünü başdaşına söykəyərək demişdi: “Bir bax, nə qədər güclüyəm, varım-dövlətim başımdan aşır... Amma dünya-aləm sənsiz nəyə gərək imiş? Qoy sənin adın yaşasın. Sənin kimi bir ömür yoldaşının, sənin kimi bir ananın adı yaddaşlarda həmişəlik qalsın. Sən yox olub getməyəcəksən, sən burada, bu yerdə kök atacaqsan”. 


Möminə xatunun vəfatından dərhal sonra Şəmsəddin Eldəgizin tapşırığı ilə şeyx-ül-mühəndis Əcəmi türbənin tikintisinə başlayır. Lakin az sonra Eldəgiz özü də rəhmətə gedir. Tikinti yalnız 1186-cı ildə başa çatır.


Bu məqbərə yeraltı və yerüstü hissələrdən ibarətdir. Yeraltı hissəyə xatunun məzarı, yuxarı hissəyə isə xatirə abidəsi daxildir. Məqbərə öz formasına görə onbucaqlını xatırladır. Giriş üçün nəzərdə tutulmuş fasadı çıxmaq şərti ilə qalan bucaqların hamısı eyni cür işlənmiş və naxışlarla bəzədilmişdir. Məqbərənin üzərində gözəl xətlə Qurandan ayələr həkk olunmuş haşiyə yerləşdirilib. Təqribən bir metr hündürlükdə olan bu yazı məqbərənin bəzəyi sayılır. Türbənin memarlıq üslubu zərifliyi ilə diqqəti cəlb edir. Bu da abidənin qadın şərəfinə ucaldılmasından xəbər verir. Tədqiqatçı memarlar Möminə xatun türbəsini Hindistan memarlığının ölməz incisi Tac-Mahalla müqayisə edirlər. 


Dünyanın 8-ci möcüzəsi sayılan bu kompleks də türk hökmdarı Cahan şahın vəfat etmiş xanımı – Mümtaz Mahalın şərəfinə tikilmişdir (1648-ci il).


Əcəminin yaradıcılığı uzun əsrlərboyu Azərbaycanın və digər ölkələrin bir çox memarları üçün ilham mənbəyi olmuşdur. Hətta Әcəmidən 300 il sonra yaşamış böyük türk memarı Sinanın əsərlərində də dahi ustadın təsiri hiss olunur.