Təbiət

Gicitkən niyə dalayır

Hələ çox qədim dövlərdə insanlar gicitkənın müalicəvi xüsusiyyətləri ilə tanış idilər. Dioskorid və Hippokrat gicitkən bitkisinin sirli müalicəvi xüsusiyyətləri haqqında maraqlı məlumatlar verib. Tərkibindəki zəngin qidalı maddələr, əhəmiyyətli mineral duzlarla və həyat üçün vacib sayılan vitamin çoxluğu ilə fərqlənən gicitkən bir sıra qabaqcıl ölkələrin alimlərini çoxdandır ki, özünə cəlb edib.


Dünya florasının tərkibində gicitkən cinsinin 50-yə qədər növü yayılıb. Ən çox Yer kürəsinin mülayim iqlim zonalarında rast gəlinir. Bu cinsin Qafqazda, o cümlədən, Azərbaycanda 3 növü yayılıb.


Urtica - latınca "yandırmaq”, "dalamaq” mənasını bildirir. Gicitkənin yarpaq və gövdələrinin üstü silisium və qarışqa turşusu ilə zəngin sıx tükcüklərlə əhatə olunub. Bu tükcüklərin ucu iti və kövrəkdir. Bitkiyə toxunduqda ani halda tükcüklərdən bir neçəsi dərinin toxumasına batır və ucları çox asanlıqla qırılır. Elə bu vaxt silisium və qarışqa turşusunun qarışığından ibarət çox kəskin yandırıcı və dalayıcı xüsusiyyətə malik maye dərinin içərisinə daxil olur.


Respublikamızda ən geniş yayılan növü dalayan gicitkəndir. Buna ikievli gicitkən də deyilir. Gicitkənin bu növü "gəzənə” adı ilə tanınır. Gicitkən, demək olar ki, Azərbaycanın bütün zonalarında yayılıb. Respublikamızın dağ-meşə rayonlarında onun sənaye əhəmiyyətli ehtiyatı vardır. Qiymətli növü ikievli gicitkəndir. 

 

Gicitkən qiymətli dərman bitkisidir. İstər xarici ölkələrdə, istərsə də respublikamızda gicitkən dərman bitkisi kimi işlədilir. Gicitkəndən hazırlanan preparatlardan uşaqlıqda və babasil xəstəliklərində baş verən qanaxmalarda, mədə yaralarında, vitamin çatışmazlığında geniş istifadə olunur.