Odlar Yurdu

Şağan qalası

Abşeron ərazisindəki abidə-qalalar tarixi və əhəmiyyəti baxımından dəyərli maddi-mədəniyyət nümunələridir. Şağanda bir sıra dəyərli tarixi-memarlıq abidələri qeydə alınıb. Bunlardan XII əsrin sonu, XIII əsrin əvvəllərində inşa edilən 24 metr hündürlükdə dördbürclü (hazırda qalanın bir bürcü salamatdır) qalanı göstərmək olar. 


XII-XIII əsrlərə aid edilən və müdafiə məqsədi ilə inşa olunan Şağan qalası Abşerondakı digər qalalar kimi ağ daşdan tikilib.


Əsrlər boyu qanlı toqquşmalarla, təbii fəlakətlərlə qarşılaşan qalaçanın çox hissəsi dağılsa da, bir bürcü dövrümüzə qədər qalıb. Abidənin dağılmasına əsas səbəb kimi 1841-ci ildə baş vermiş güclü zəlzələ göstərilir.  


Abidənin daşlarının bir qisminin şəxsi məqsədlə daşındığı, oğurlandığı da bildirilir. Təbii ki, bu da qalanın uzun müddət tam nəzarətsiz qalmasından xəbər verir.


Abşerondakı digər istehkamlar kimi sal qayaların üzərində ağ daşdan tikilən Şağan qalasında Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 2014-cü ildə bərpa-bərkitmə işləri görülüb. Təmir işləri zamanı qalanın iki daş hasarının bünövrələri və bir neçə quyu aşkar edilib.


Şağan qalası da digər qalalar kimi yeraltı yola sahibdir. Qalaçanın içərisində ilk baxışda quyunu xatırladan yeraltı yol vaxtilə Mərdəkan qalalarına aparıb.


İstehkam qəsəbənin hündür yerlərindən birində inşa edilib. Qalanın salamat qalan yeganə bürcünün üstündən nəinki Şağanı, sahil zonasını, eləcə də Mərdəkan qəsəbəsini müşahidə etmək mümkündür.


Hal-hazırda qala Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən bərpa olunur.