Bu maraqlıdır!

Roma incəsənəti

Roma incəsənəti qədim dövrün mədəniyyət tarixində sonuncu və tamamlayıcı mərhələ sayılır. Roma incəsənətində səmərəlilik və yığcamlıq əsas tələblərdən olduğuna görə memarlıqda mühəndis axtarışları və texniki kəşflər mühüm yer tutur. Terma ( hamam), su anbarları (sistern), tağlı körpülər, nəhəng su kəmərləri ( akveduk) və başqa tikililər Qədim Roma memarlığının ən tipik nümunələridir.

 

İmperiya dövründə (e.ə. I əsrin axırı-bizim eranın II əsri) incəsənət özünün ən yüksək inkişaf mərhələsinə çatır ki, bu da imperator Oktavian Avqustun hökmranlıq dövrünə təsadüf edir. Avqustun qələbə ilə nəticələnən yürüşlərinə həsr olunmuş “Sülh mehrabı” məhz bu zaman inşa olunmuş və gözəl heykəllərlə bəzədilmişdir.

 

Arxeoloji qazıntılar zamanı eramızın 79-cu ilində Vezuvi vulkanının püskürməsi nəticəsində tamamilə batmış Pompea şəhərinin məbədləri, teatrları və başqa tikililər aşkar edilmişdir. Bu tikililərin və eləcə də yaşayış binalarının divar rəsmləri və bəzəkləri o dövrün heykəltəraşlığının, boyakarlığının və tətbiqi sənət növlərinin yüksək səviyyəsindən xəbər verir.

 

Roma memarlığının ən məşhur abidələri Flavilər sülaləsinin hökmranlığı illərində (I-II əsrlər) tikilmişdir. Eramızın 80-ci illərində tikilmiş “Kolizey”, bir il sonra isə Tit şərəfinə qoyulmuş zəfər tağı, imperator Trayanın dövründə inşa olunmuş Forum və Trayanın zəfər sütunu indiyə kimi də tamaşa edən hər bir kəsə böyük təsir göstərir. Ellips şəklində tikilmiş Kolizey müxtəlif tamaşalar, qladiator döyüşləri və vəhşi heyvanlarla mübarizə üçün nəzərdə tutulmuşdu və 50 min adam tuturdu.

 

İmperator Trayanın zəfər sütununun hündürlüyü 27 m və uzunluğu isə 200 m olan relyeflər bəzəyir. Bu relyeflərdə Trayanın keçirdiyi müharibələrdən müxtəlif səhnələr öz əksini tapmışdır; sütunun zirvəsini isə Trayanın tunc heykəli tamamlayırmış. 

 

İmperator Adrianın hakimiyyəti dövründə (117-138) Romada məşhur “Panteon” binası tikilir. Panteon dəyirmi planda inşa edilmişdi və 43,5 m diametri olan böyük günbəzi vardır. İçəri tərəfdən onun divarları rəngarəng mərmərlə bəzədilmişdir. II-III əsrlərdə Roma mədəniyyəti tədricən imperiyanın əyalətlərinə də təsir göstərir. Qərbi Avropada Roma və qall xalqlarının bədii ənənələri bir-birinə qaynayıb-qarışır və nəticədə “qall-roman” üslubu meydana gəlir. Suriyada Palmira və Baalbek şəhərlərindəki memarlıq və heykəltəraşlıq abidələri Şərq mədəniyyəti ilə qarışır. Misirdə isə portret sənəti geniş inkişaf edir və “fayum portreti” adlanan ağac lövhələr üzərində mum rənglərlə işləmək üslubu yaranır.

 

Roma imperiyası dağıldıqdan sonra bir tərəfdən “barbar” adlanan vəhşi qəbilələr, digər tərəfdən isə xristian kilsəsi xadimləri əsrlər boyu yaranmış antik sənət nümunələrini məhv edirlər. Yalnız intibah dövründə qədim yunan və Roma incəsənətinə yenidən böyük maraq oyanır.