Şeirlər

Nigar Rəfibəyli. "Durna"

Mən 
yuxuda durna oluram
gecələr,
Çırpıb qanadlarımı
yerdən üzülürəm.
Geniş-geniş havalarda səf çəkən
Durnaların qatarında düzülürəm.
Uçuruq uça bildikcə,
Uçuruq diyar-diyar...
Uçuruq - qəlbimizdə
Torpaqdan aldığımız
Ən şirin,
Ən incə,
Ən sevimli arzular.

Uçuruq uça bildikcə...
Bizə həsrət qalan ellərə
Qanad salırıq,
Uca-uca dağların başında
Əylənib qonaq qalırıq.
Torpağın ətrini aparırıq
Ulduzların aləminə.
Həyat səsi qatırıq
Göydə soyuq-soyuq işıqlanan
ayın yalqızlıq qəminə.
Səhər
şəfəqlər oyadır məni.
Sevinə-sevinə durub
Qalxıram ayağa:
Sonra bütün günü
Nə həvəsim olur,
Nə macalım,
Bir də yerdən üzülüb
durna olmağa.