Odlar Yurdu

Aydınbulaq qülləsi

Şəki rayonunun Aydınbulaq kəndinin şimalında IX – XIII əsrlərə aid bir qüllə var. Qülləni Aydınbulaq qülləsi, Ağcaqala, Meydanqala,  Qız qalası və s.adlandırırlar.


Qüllə üç mərtəbəlidir. Çay daşından dördkünc formada tikilib. Hündürlüyü 10.5 metrdir.


Quruluşca Abşeron qəsrlərinin düzbucaq planlı qüllə tipinə – Dördbucaqlı Mərdəkan və Ramana qəsrlərinin qüllələrinə bənzəyir.


Küncləri dairəvi bürclərlə qapanan bu qüllənin içəridə (iç ölçüləri 4,50 x 4,50 m) taxta döşəmələrlə üç qata bölünməsinin izləri aşkarlanmışdır. Qüllənin həm divarları, həm də bürcləri yuxarıya doğru daralıb ensizləşir. El arasında bir neçə adı olan Aydınbulaq qülləsi ətrafında əvvəllər qapalı quruluşlu qala divarlarının olması ehtimalı var. 


Geniş düzənliyin ortasında yarıuçuq vəziyyətdə yüksələn qüllə bu yerlərdən keçən karvan yolu üstündəki keşikçi qalasının son nişanəsidir. Çay daşından Şəkinin tikinti üslubunda ucaldılan Aydınbulaq qülləsinin Abşeron qüllələrindən seçilən özümlü və daha saya görünüşü var.