Nağıllar, hekayələr

Sabirin ilk uşaq şeiri

1906-cı il idi. Hava qaralmağa başlayırdı, iş günü başa çatırdı. “Dəbistan” jurnalının redaktoru böyük otaqda tək oturub növbəti nömrəni hazırlayırdı. İki nəfər otağa daxil oldu. Onlardan biri məşhur pedaqoq Mahmudbəy Mahmudbəyov idi. Qonaqlar jurnalın redaktorunu salamladılar:

 

– Axşamın xeyir!
– Xoş gəlmisiniz! , – deyə Əlisgəndər müəllim onları qarşıladı.
Mahmudbəy yanındakı adamı redaktora göstərib dedi:
– Deyəsən, böyük şairimizi tanımadın?
Redaktor həmin adamı qucaqladı və dedi:
– Sabiri kim tanımır ki?
Sabir uşaqlar üçün jurnal nəşr etdiyinə görə redaktora təşəkkürünü bildirib dedi:
– Çox böyük iş görürsünüz.
Əlisgəndər Cəfərzadə fürsətdən istifadə edib dedi:
– Təəssüf ki, sizin kimi böyük sənətkarlar uşaqlar üçün heç nə yazmırlar.


Sabir başı ilə onun sözlərini təsdiq etdi. Cibindən qələm çıxarıb elə oradaca “Məktəb şərqisi” şeirini yazdı. Şeir “Dəbistan” jurnalının növbəti nömrəsində çap olundu.