Görkəmli şəxsiyyətlər

Qasım bəy Zakir

Qasım bəy Zakir 1784-cü ildə Şuşa şəhərində doğulmuşdur. Onun əsli Qarabağda məşhur olan Cavanşirlər nəslindəndir. Ulu babası Kazım ağa Şuşa şəhərinin əsasını qoyan Pənah xanın doğma qardaşıdır. Zakir ilk təhsilini Şuşada mollaxanada almış, ərəb, fars, dillərini öyrənmişdir. Bu dilləri bilməsi ona Yaxın Şərqin Firdovsi, Nizami, Sədi, Hafiz kimi məşhur söz ustadlarının əsərləri ilə tanış olmaq imkanı vermişdir. 


Zakir mollaxanada oxuduğu illərdə adları çəkilən sənətkarların bədii irsini oxuyub öyrənmişdir. Zakir müasirləri arasında da dərin hörmət və böyük nüfuz qazanmışdır. Azərbaycanın Mirzə Fətəli Axundzadə, İsmayıl bəy Qurtqaşılı, Baba bəy Şakir, Xurşidbanu Natəvan kimi tanınmış ziyalıları, habelə gürcü knyazı İliko Orbeliani, Bakı general-qubernatoru Mixail Kolyubakin onun məktublaşdığı, əlaqə saxladığı məşhur şəxsiyyətlər idi. Zakirin satiraları əsas etibarilə çar hakimləri və çarizmin müstəmləkəçi qanun və qaydaları əleyhinə çevrilmişdir. 


Zakirin müxtəlif mövzularda yazılan "Məlikzadə və Şahsənəm", "Əmirzadə, məşuq və cavan aşiq", "Aşiqin təam bişirməyi", "Aşiq və məşuq haqqında", "Zövci-axər", "Tərlan və elçi", "Dəvəsi itən kəs", "Dərviş ilə qız", "Həyasız dərviş", "Əxlaqsız qazı", "Xalqa vəz deyən, özü fisqü fücurdan çıxan biəməl alim" kimi mənzum hekayələri vardır. Zakirin mənzum hekayələrində məhəbbət insanın ülvi və nəcib hissi kimi təsvir olunur. Məhəbbətdə sədaqət, mətanət və dözümlülük, vəfada möhkəmlik bu hekayələrin bir qismində əsas məzmunu təşkil edir. 


Zakirin realist yaradıcılığında təmsillərinin əhəmiyyəti müstəsnadır. Onun nəşr olunmuş "Əsərləri"ndə: "Aslan, Qurd və Çaqqal", "Dəvə və Eşşək", "Tülkü və Qurd", "Xain yoldaşlar haqqında" ("İlan, Dəvə, Tısbağa"), "Tülkü və Şir", "Sədaqətli dostlar haqqında" ("Tısbağa, Qarğa, Kəsəyən, Ahu") adları ilə altı təmsili çap olunmuşdur. Zakir təmsillərini yazarkən birinci növbədə şifahi xalq yaradıcılığında geniş yayılan təmsillərdən və məşhur hind abidəsi "Kəlilə və Dimnə" əsərindən, həmçinin klassik poeziyadakı təmsillərdən, Nizami, Cəlaləddin Rumi, Füzuli təmsillərindən də istifadə etmişdir. Zakir təmsillərini yeni tarixi şəraitə, müasir həyatın tələblərinə uyğun olaraq yazmışdır. Qasım bəy Zakir ömrünün sonlarını maddi ehtiyac və çətinliklər içərisində başa vurmuşdur. O, 1857-ci ildə Şuşada vəfat etmiş və şəhərin Mirzə Həsən qəbiristanlığında dəfn edilmişdir. Əsərləri: "Aslan, Qurd və Çaqqal", "Dəvə və Eşşək", "Tülkü və Qurd", "Xain yoldaşlar haqqında" ("İlan, Dəvə, Tısbağa"), "Tülkü və Şir", "Sədaqətli dostlar haqqında" ("Tısbağa, Qarğa, Kəsəyən, Ahu") adları ilə altı təmsil və s.

 

Zakir müasirləri arasında dərin hörmət və böyük nüfuz qazanmışdır. Azərbaycanın Mirzə Fətəli Axundzadə, İsmayıl bəy Qurtqaşılı, Baba bəy Şakir, Xurşidbanu Natəvan kimi tanınmış ziyalıları, habelə gürcü knyazı İliko Orbeliani, Bakı general-qubernatoru Mixail Kolyubakin onun məktublaşdığı, əlaqə saxladığı məhşur şəxsiyyətlər idi. Lakin Zakiri sevməyənlər, onun paxıllığını çəkənlər də var idi. Qarabağda öz fitnə-fəsadları ilə ad çıxarmış Cəfərqulu xan Nəva, Şuşa qazisi Mirzə Əbülqasim, yerli çar hakimi Konstantin Tarxan-Mouravov onun qəddar düşmənləri idilər. Zakirin satirik tənqidinə hədəf olmuş bu adamlar şairi dövlət yanında etibardan salıb tutdurmaq üçün müəyyən bəhanə axrır, uyğun məqam gözləyirdilər. Nəhayət belə bir bəhanə tapıldı: K. Tarxan-Mouravov Zakiri hökumətdən qaçaq düşmüş qardaşı oğlu Behbud bəy Cavanşiri evində saxladığına görə günahlandıraraq təqib etməyə başladı. 1849-cu ilin oktyabr ayında o, böyük bir atlı-yaraqlı dəstə ilə Zakirin yaşadığı Xındırıstan kəndinə hücum etdi. Şair bu dəstənin Behbud bəyi axtarmaq üçün gəldiyini güman edirdi. Ona görə oğlu Nəcəfqulu bəylə qardaşı oğlu İskəndər bəyi həmin dəstəni qarşılamağa göndərdi. Lakin Tarxan-Mouravov onları öz düşüncəsi ilə qarşıladı: onları Behbud bəyə köməkçi olmaqla ittihamlandırıb hər ikisini həbs etdi və Şuşa qalasındakı həbsxanaya göndərdi. Həmin gün Zakirin özünü də ailə üzvləri və yaxın qohumları ilə birlikdə həbs edib Şuşaya-həbsxanaya gətirdilər. Bununla da ürəyi soyumayan Tarxan-Mouravov Xındırıstan kəndini öz atlılarına qarət etdirdi və kənd camaatını tamamilə yoxsul vəziyyətə saldı. Həbsxanada olarkən şair bir neçə dəfə yuxarı hökumət dairələrinə məktubla qanunsuz tutulduğunu yazıb bildirsə də onun şikayətlərinə ədalətli cavab verilmədi. Şair bir ilə qədər Şuşa həbsxanasında qaldıqdan sonra mühakimə olunmadan Bakıya sürgün edildi. Nəcəfqulu bəylə qardaşı oğlu İskəndər bəyi isə Tiflisə gətirib, oradan əvvəlcə Voronejə, Voronejdən isə Kaluqaya sürgün etdilər. Şairin ailəsi isə Şuşada qaldı. Bakıya gəldikdən sonra Zakir dövlət idarələrində çalışan dostlarına məktub yazıb qanunsuz həbs edildiyini bildirdi. O zaman Tiflisdə Canişinlik idarəsində işləyən Mirzə Fətəli Axundzadə, İsmayıl bəy Qurtqaşınlı, Bakı qubernatoru Mixail Kolyubakin, Gürcü knyazı İliko Orbeliani Zakirin şikayətlərini dinləyib, sürgündən azad olmasına çalışdılar. Şair bir neçə ay Bakıda sürgün həyatı keçirəndən sonra bu şəxslərin səyi nəticəsində Şuşaya qayıtdı. Lakin o, ömrünün axırınadək polis nəzarəti altında yaşadı. Oğlu və qardaşı oğlu isə 3 il Rusiyada sürgündə qaldılar.

 

Qasım bəy Zakir ömrünün sonlarını maddi ehtiyac və çətinliklər içərisində başa vurmuşdur. O, 1857-ci ildə Şuşada vəfat etmiş və şəhərin Mirzə Həsən qəbirstanlığında dəfn edilmişdir.