Nağıllar, hekayələr

Ədalətli seçim

Qədim zamanlarda ədalətli bir padşah var idi. Artıq qocalmışdı, ancaq öz yerinə qoymağa bir övladı yox idi. Bir gün padşah vəzirinə tapşırır ki, halallığı ilə tanınan 40 nəfəri saraya yığsın. Onlardan birini özünə varis seçəcək. Vəzir 40 nəfəri çağırır. Padşah onlara deyir: 


– Hərənizə bir gül toxumu verəcəyəm. Kim qırx günə o toxumu əkib gözəl gül yetişdirsə, mənim varisim olacaq. 


Bunu deyib padşah vəzirinə tapşırır ki, toxumları paylasın. Hərə öz toxum payını alıb evinə yollanır. Bu adamların arasında kasıb bir oğlan var idi. Zəhmətkeşliyi, halallığı ilə hamının hörmətini qazanmışdı. Heç kimin malına göz dikməz, zəhmətlə öz ruzisini qazanardı. O qədər halal adam idi ki, tacirlər səfərə gedəndə pullarını gətirib onun evində əmanət qoyurdular. 


Oğlan evə gəlib əhvalatı anasına danışır və gül toxumunu dibçəyə basdırıb bir az su tökür. Beş gün keçir, on gün keçir, bir ay keçir, toxum cücərmir ki, cücərmir. Nəhayət, vaxt tamam olur. Vəzirin seçdiyi adamlar, hərəsi qoltuğunda bir dibçək gül, saraya üz tuturlar.

 

Oğlan məyus halda öz dibçəyinə baxıb anasına deyir: 


– Ay ana, məndən padşah olmadı. Gedib biabır olmaqdansa, heç getməsəm, yaxşıdır. 


Anası deyir: 


– Qəm yemə, oğlum. Allahın hökmü belə imiş. Amma saraya getməyin məsləhətdir. Yoxsa padşah bunu hörmətsizlik kimi başa düşər. Həm də getsən, heç olmasa, bilərik ki, gələcək padşahımız kim olacaq. 
Ananın sözləri oğlanın beyninə batır. Dibçəyi götürüb saraya doğru yollanır. Gəlib saraya girəndə görür ki, 39 nəfər bir-birindən gözəl gül dibçəkləri ilə artıq buradadır. Oğlan utandığından lap arxada dayanır. Hər kəs öz gül dibçəyini növbə ilə padşaha göstərir. Nəhayət, növbə çatır oğlana. Padşah boş dibçəyi görüb soruşur:

 

– Bəs sənin gülün hanı? 


– Şah sağ olsun, nə qədər çalışdım, bitmədi. 


Padşah rahat nəfəs alıb deyir: 


– Ay camaat, mən artıq varisimi tapdım. Bax o boş dibçəkli oğlan mənim varisimdir.