Nağıllar, hekayələr

Birgünlük xəlifə

Xəlifə Harun ər-Rəşidin dövründə Bağdad şəhərində Әbül Həsən adlı bir gənc yaşayırdı. Çox xeyirxah və qonaqpərvər adam idi. Әbül Həsənin qəribə bir şakəri vardı. Hərdən şəhər darvazasının qarşısına çıxar, şəhərə daxil olan qəribləri evinə dəvət edər, onları doyunca yedirib-içizdirərdi. Bir gün libasını dəyişmiş Harun ər-Rəşid öz qulu ilə birgə şəhərə daxil olur. O, vaxtaşırı məmləkətini beləcə gəzər, ölkədə baş verənlərdən hali olardı. Әbül Həsən tacir qiyafəsində olan xəlifəni tanımayıb onu evinə dəvət etdi. Bu qəribə təklif xəlifəni maraqlandırdı və o razılaşdı. Әbül Həsən qonaqları evinə gətirdi. Burada onlar ləziz təamlardan yeyə-yeyə şirin söhbət etməyə başladılar. Ev sahibindən çox razı qalan Harun ər-Rəşid üzünü ona tutub dedi: 


– Ey Әbül Həsən, mənə etdiyin hörmətdən çox məmnun qaldım. Amma istərdim ki, sən də məni xoş sözlərlə xatırlayasan. Buna görə də, rica edirəm, mənə ən böyük arzunu söylə. Onu da bil ki, sənin istənilən arzunu yerinə yetirməyə imkanım çatar. 


Әbül Həsən dedi: 


– Ömrün uzun olsun, əziz qonağım. Mən sadə bir adamam. Lütfkarlıq edib evimə gəlməyin, süfrəmdə çörək kəsməyin mənim üçün ən böyük mükafatdır. Amma indi ki israr edirsən, deyim. Bizim şəhər bazarının bir darğası var. Hələ yer üzü onun kimi əzazil adam görməyib. Bütün bazar əhlinin gününü qara edib. Bax mən də Allahdan bircə şey istəyirəm: bircə gün Harun ər-Rəşidin yerinə xəlifə olaydım, o darğanı tutdurub yüz şallaq vurdurardım ki, ağlı başına gəlsin. 


Bunu eşidən Harun ər-Rəşid gizlicə Әbül Həsənin badəsinə yuxu dərmanı tökdü. Ev sahibi badədən bir qurtum içən kimi elə həmin dəqiqə dərin yuxuya getdi. Xəlifənin əmri ilə onun qulu oğlanı çiyninə aldı və onlar saraya yollandılar. Sarayda xəlifə hamını çağırıb əhvalatı danışdı və tapşırdı: 


– Sabah səhərdən özünüzü elə aparmalısınız ki, guya bu gənc Harun ər-Rəşiddir. Səhər oğlan yuxudan oyanıb özünü sarayda, şahanə bir yataqda görüb mat qaldı, elə bildi ki, hələ də yatır, yuxu görür. Amma ətrafındakı adamların – nökərlərin, kənizlərin ona “Ya əmirəlmöminin” deyə müraciət etdiyini eşidəndə fikirləşdi ki, Allah onun arzusunu eşidib, o, doğrudan da, xəlifədir. 


Səhər yeməyindən sonra baş vəzir içəri girib Әbül Həsənin qarşısında təzim etdi: 


– Ya əmirəlmöminin! Vəzirlər, vəkillər, əyanlar divanxanada toplaşıb sənin təşrif buyurmağını gözləyirlər. Әbül Həsən divanxanaya daxil olub əsl xəlifə kimi şikayətlərə baxmağa, hökmlər çıxarmağa başladı. Sonra şəhər valisinə əmr etdi ki, darğanı tutub camaata zülm etdiyinə görə yüz şallaq vurdursun. 


Nəhayət, divanxanadakı işlər başa çatdı və Әbül Həsən saraya qayıtdı. Burada onu səhərkindən də təmtəraqlı nahar dəsgahı gözləyirdi. Әmrə müntəzir nökərlərin, kənizlərin əhatəsində Әbül Həsən özünü göyün yeddinci qatında hiss edirdi. 


Bütün bu müddət ərzində Harun ər-Rəşid gizlicə Әbül Həsənə göz qoyurdu. Artıq tamaşaya son qoymaq vaxtı idi. Xəlifənin əmri ilə yenə də Әbül Həsənin badəsinə yuxu dərmanı töküb yatırtdılar və öz evinə apardılar. Səhər yuxudan öz yatağında oyanan oğlan başına gələnlərin həqiqət, ya röya olduğunu uzun müddət başa düşə bilmədi.