Şeirlər

Rəsul Rza. "Vətən"

Mən dərmişəm bənövşəni, nərgizini bahar çağı,
Mən görmüşəm sinəndəki laləzarı, buz bulağı
Mən gəzmişəm, dolaşmışam hər yerini qarış-qarış.
Mən çıxmışam dağlarına hələ sahər oyanmamış.


Dan yerinde topa bulud lalə kimi qızaranda;
çoban çəkib bayatını - "oğlan dağda, qız aranda",
Şirin-şirin axan səsə qulaq verib dərin-dərin
Mən keçmişəm çaylağından o moruqlu dərələrin,

cüyürlərin cığırını axtarmışam qayalarda,
"Oxqay" deyib oturanda, "oxqay" deyib qayalar da. 


Qarlı dağlar üzərində gün salanda qızıl ləçək,
salamlayıb səhər məni min təzə gül, min bir çiçək.
O ətirli torpağını qoxlamışam dönə-dönə.
Ağlını valeh olub gedib, gözlərimin gördüyünə.
Ana vətən, indi bu gün çatılmışdır qaşın sənin.


Yanır qəzəb alovuyla torpaqların, daşın sənin.
Cavanların, qocaların silahlanmış başdan-başa.
Azadlığı qorumaqçın girmiş böyük bir savaşa.
Bir qalaya döndərmisən hər kəndini, şəhərini.


İgidlərin at belinə basıb gümüş yəhərini –
qında qalıb paslanmayan qılıncını almış ələ.
Doğma yurdun sevgisiylə, mərd xalqının qüdrətiylə
qorumaqçın sənin gözəl dağlarını, çöllərini,
ceyran gəzən düzlərini, zümrüd gözlü göllərini,
cəbhələrə qüvvət verən zavodunu, fabrikanı,
qorumaqçın sinəndəki çiçəklənən ömrü, canı,
taleyini öz yurdunun taleyinə bağlayaraq,
kişilərin, qadınların hazır durmuş əldə yaraq.
Düşmən qanlı qılıncını sıyırmışdır üstümüzə.


Basır-keçir zəmiləri öz qanında üz-üzə.
Qanlı düşmən güllələrin, bombaların harayında
ölüm taxtı qurmaq istər insan ömrü sarayında.
Ana vətən, indi bu gün çatılmışdır qaşın sənin.


Yanır böyük bir qəzəblə torpaqların, daşın sənin,
Sən tarixdə çox çıxmısan böylə ağır imtahandan.
Sonda zəfər bayrağını tapşırmışdır sənə zaman.
Torpaqlara sala bilməz düşmən məğrur cəlalını
örtə bilməz qara bulud günəşini, hilalını.


Al günəşdən, göy dağlardan, dənizlərdən rəng alaraq,
sənin azad göylərində öz bayrağın ucalacaq.
Dərəcəyəm bənövşəni, nərgizini bahar çağı.
Görəcəyəm sinəndəki laləzarı, buz bulağı.
Gəzəcəyəm könlü azad hər yerini qarış-qarış.
Çıxacağam dağlarına hələ səhər oyanmamış.


Dan yerində topa bulud lalə kimi qızaranda,
cavan çoban oxuyacaq, "oğlan dağda, qız aranda"...

Şirin-şirin axan səosə qulaq verib dərin-dərin
keçəcəyəm çaylağından o moruqlu dərələrin.
Tapacağam cüyürlərin cığırını qayalarda.
"Oxqay" deyib oturanda səs verəcək qayalar da.


Qarlı dağlar üzərinə gün salanda qızıl ləçək,
gözlərimi oxşayacaq min təzə gül, min bir çiçək.
Qan çilənmiş çöllərində güləcəkdir bir ilk bahar.
Çünki sənin bu döyüşdə xalq kimi bir qüdrətin var.