Görkəmli şəxsiyyətlər

Oqtay Şamil

Oqtay Şamil 1944-cü il fevralın 17-də Ağsu rayonunun Bico kəndində anadan olmuşdur. Burada kənd orta məktəbini bitirmişdir (1950-1960). ADU-nun filologiya fakültəsində təhsilini davam etdirmişdir (1962-1967). Əmək fəaliyyətinə Şamaxı rayonu Həmyə kənd səkkizillik məktəbində müəllim kimi başlamışdır (1967-1968).

"Yeni Şirvan" rayon qəzeti redaksiyası nəzdində yerli radio verilişləri şöbəsində təşkilatçı müxbir (1968), Azərbaycan Sovet Ensiklopediyasının Baş redaksiyasında incəsənət şöbəsinin əməkdaşı kimi çalışmışdır (1969-1970). Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində "Uşaq" və "Gənclik" redaksiyalarında şöbə müdiri və baş redaktor müavini işləmişdir. İctimai məzmunlu ilk ciddi yazısı "Şamaxı" adlanır (1963).

Ədəbi aləmə 1965-ci ildən dövri mətbuatda çap etdirdiyi şeirlərlə daxil olmuşdur. Əsərləri "İstoki" almanaxında, "Molodaya poeziya Azerbaydjana" antologiyasında işıq üzü görmüşdür. "İstək" adlı ilk kitabçası 1970-ci ildə çap olunmuşdur. Türkiyədə Diyanət Vaqfının ilk dəfə təşkil etdiyi micat yarışında xüsusi mükafata layiq görülmüşdür (1991). İran, Türkiyə, Bolqarıstan, Suriya mətbuatında şeirləri dərc olunmuşdur. Oqtay Şamil 1988-ci ildən SSRİ Yazıçılar İttifaqının (indiki Azərbaycan Yazıçılar Birliyi) üzvüdür. Yazıçılar Birliyində 2 il Şirvan bölgəsinə rəhbərlik etmişdir (2003-2004). Bir il Yazıçılar Birliyi bədii tərcümə mərkəzində tərcüməçi işləmişdir (2005).

Oqtay Şamilin sözlərinə bəstəkarlardan Elza İbrahimova, Eldar Mansurov, Tofiq Babayev, Ruhəngiz Qasımova mahnılar bəstələmişlər ("Sevgimiz elə bu qədərmiş", "Qayıt ana", "Yox, mən səni görməmişəm", "Bağışla", "Narıncı dünya", "Suraxanı", "Sevgi nədir bilərsən", "Bəyaz gecələr" və s.).

Bu mahnıları Xalq artistləri Flora Kərimova, İlhamə Quliyeva, Yalçın Rzazadə, Azər Zeynalov, "Qaya" vokal kvarteti, Səməd Səmədov, Türkiyəli müğənni Hayfı, bolqar müğənnisi Lili İvanova və başqaları ifa etmişlər.

Oqtay Şamilin mahnıları, eləcə də şeirlərindən ibarət poeziya buketi Azərbaycan radiosunun qızıl fondunda saxlanılır. "Sevgimiz elə bu qədərmiş" mahnısı Flora Kərimovanın ifasında qramofon valına yazılmışdır (1984).

Oqtay Şamil 5 şeir kitabının və 1 seçilmiş əsərlər toplusunun müəllifidir.