Görkəmli şəxsiyyətlər

Arkadi Petroviç Qaydar

Arkadi Petroviç Qaydar 1904-cü il fevralın 22-də Kursk vilayətinin Lvov şəhərində anadan olmuşdur. On üç yaşlı Arkadi realnı məktəbinin üçüncü sinfində oxuyanda 1917-ci ilin fevral inqilabı baş verdi. O, 14 yaşından könüllü olaraq Qızıl ordu sıralarına daxil olmuş, Kiyevdə komandirlər kursunu bitirdikdən sonra on altı yaşında onu alay komandiri təyin ediblər. 


Qaydar altı il Qızıl ordu sıralarında xidmət etmişdir. 1923-cü ildə isə bərk xəstələndiyinə görə onu ordudan tərxis ediblər. Ordu sıralarında hərbi xidmətini başa vurduqdan sonra o, ədəbi fəaliyyətlə məşğul olmuşdur. 


1925-ci ildə "Kovş" adlı Leninqrad almanaxında ilk povesti – "Məğlubiyyət və qələbə günlərində" çapdan çıxdı. 1930-cu ildə gənc nəsil üçün yazdığı "Məktəb" povesti dərhal uşaq və məktəb kitabxanalarında əl-əl gəzir, oxucuların ən sevimli kitablarından birinə çevrilmişdir. 


"Məktəb" povestinin əsas qəhrəmanı, birinci şəxsin dilindən danışan əsgər oğlu Boris Qolikov surətində Arkadi Qaydar məhz özünü təsvir etmişdir. "Timur və onun komandası" (1940) povesti ona böyük şöhrət qazandırmışdır. Cəsur, həssas, qətiyyətli, xeyirxah Timur surəti indi də uşaqların ən sevimli qəhrəmanlarından biri olaraq qalır. Yazıçı böyüməkdə olan nəslin ən yaxşı cizgilərini böyük vətənpərvərlik ideyası ilə qələmə alaraq bu obrazda ifadə etməyə müvəffəq olmuşdur. Qaydar uşaqlarla hər bir dildə danışmağı bacarırdı. Onun bütün əsərlərində ürəkləri isidən səmimilik, düzgünlük hiss olunurdu. 


Yazıçının "Təbilçinin taleyi" (1939), "Cuk və Gek" (1939), "Hərbi sirr" (1940) və s. əsərlərində Böyük Vətən müharibəsinin çətin günlərində var qüvvələri ilə xalqın əzəmətli mübarizəsinə kömək edən gənc vətənpərvərlərin şücaətindən söhbət açılır. 


1941-ci il oktyabrın 26-da Qaydar dörd nəfər partizanın müşaiəti ilə kəşfiyyata yollanmış və faşist gülləsinin qurbanı olmuşdur. 


Qaydar yaradıcılığı, onun qəhrəman həyatı, əməlləri, bədii yaradıcılığa həsr edilmiş ömrü indi də onu sevənlər üçün örnəkdir. 


Əsərləri: “Məğlubiyyət və qələbə günlərim” (1925), “Məktəb” (1930), “Təbilçinin taleyi” (1939), “Cuk və Gek” (1939), “Timur və onun komandası” (1940) və s.