Görkəmli şəxsiyyətlər

Əli bəy Hüseynzadə

XX əsr Azərbaycan-türk ictimai fikrinin ən görkəmli nümayəndələrindən biri Əlibəy Hüseynzadə (Əli Hüseyn Turan) – 1864-cü il 24 fevralda Salyanda anadan olub. 1885-ci ildə Peterburq universitetinin riyaziyyat fakültəsinə daxil olub. Burada dövrün məşhur elm xadimləri – Mendeleyev, Baqner, Menşutkin, Jukovski və başqalarından dərs alan Ə.Hüseynzadə imperiyanın paytaxtında gedən ictimai-siyasi proseslərlə də yaxından tanış olur, "xalqçılar" hərəkatına rəğbət bəsləyir. Bir sıra inqilabçı tələbələr kimi, o da Sankt-Peterburqdan uzaqlaşmaq məcburiyyətində qalır. Rusiya imperiyasının paytaxtındakı ictimai-siyasi təlatümlərlə əlaqədar olaraq Ə.Hüseynzadə Türkiyəyə, İstanbula gəlir və burada darülfünunda əsgəri-tibbiyyə fakültəsində tədris almaqla dermatoloq ixtisası və yüzbaşı hərbi rütbəsi qazanır. 1897-ci ildə o, Qırmızı Aypara Cəmiyyəti heyətinin tərkibində İtaliyaya gedir. Üç ildən sonra geri qayıdaraq müsabiqə yolu ilə İstanbul Darülfünunda əsgəri-tibb fakültəsində professor köməkçisi vəzifəsinə təyin edilir. O burada da inqilabçı gənc türklər hərəkatına qoşulduğundan və "İttihad və tərəqqi" partiyasının ilk özəyini yaradanlardan biri olduğundan təqib olunur.


Öz məhsuldar qələmi ilə ümumtürk mənəvi dəyərlərini tədqiq və təbliğ edən, türkün tərəqqisi naminə bütün gücü ilə çarpışışan Əli bəy Hüseynzadə "Kaspi",  "Həyat", qəzetlərində çalışır. 1906-cı il noyabrın 1-də isə Azərbaycan ictimai-siyasi həyatında mühüm rol oynayan "Füyuzat" jurnalını nəşr etdirir.


Azərbaycan Xalq Cümhuriyyəti dövründə dövlət bayrağında üç rənglə (mavi, qırmızı, yaşıl) simvollaşan Azərbaycan vətəndaşının ideya-mənəvi dəyərləri Əli bəy Hüseynzadənin tezisi və füyuzatçıların tarixi xidmətləri ilə bağlıdır.


1911-ci ildə İstanbulda əslən çərkəz olan süvari zabiti Şəmsəddin bəyin qızı Əthiyə xanımla evlənən Əli bəyin üç övladı olub: Saida bəyim, Səlim Turan, Feyzavər. Amma nəsil bu üç övladla sonlanır. Çünki Əli bəyin nəvəsi olmur.


Əksəriyyəti iztirablar içində, 30 ildən çoxunu mühacirətdə keçən Əli bəy Hüseynzadə ömrü 76 yaşında, 1940-cı ildə İstanbulda başa çatır. Qaraca Əhməd məzarlığında, Səlimiyyə təkkəsi qarşısındakı yerdə, şair Hədimin qəbri yaxınlığında dəfn olunur.