Təbiət

Dolu nədir

Dolu dairəvi və ya qeyri-düzgün formalı buz hissəciyi olub, diametri 5-50 mm, bəzən daha böyük ölçüdə ola bilir.  Ölçüləri 130 mm-dən 1 kq-a qədər olan dolu dənələrinə də  rast gəlmək mümkündür. Dolu dənələri 1 mm-dən az qalınlığa malik olmayan şəffaf buz qatlarından ibarətdir.


Dolu adətən ilin isti dövrlərində sıx toplanmış bulud topasından yağır. Düşən dolu qatı bəzən bir neçə santimetrə çatır. Dolunun yağma müddəti isə bir neçə dəqiqədən yarım saata qədər çəkir. Əsasən yağma müddəti 5-10 dəqiqə, bəzi hallarda isə 1 saata qədər çata bilər.


Dolu dənələri həddən artıq soyumuş buludda təsadüfi olaraq donan ayrı-ayrı damcıların yaranması nəticəsində meydana gəlir. Sonradan bu  damcılar onlarla toqquşan digər donmuş dənələr hesabına iri ölçülər almağa başlayır.


Dolu yağmuru geniş ölçüdə əkinçilik sahələrinə, binalara və nəqliyyat vasitələrinə zərər verir. Dolu xüsusən  kənd təsərrüfatına ciddi ziyan vurur. İnkişaf etməkdə olan əkinçilik məhsulları üzərinə düşdüyü zaman dəyən  ziyanın nəticələri böyük olur. Bu ziyanın miqyası dolu dənələrinin iriliyi, sıxlığı və yağma müddəti ilə bağlıdır.


Dolu hadisəsi hər yerdə və hər mövsümdə,  xüsusilə yaz və yay mövsümlərində müşahidə olunur. Dolu yazda nə qədər gec yağsa, zərəri o qədər böyük olar. Dolu əkinlərin məhv olması,  tərəvəz və meyvələrin yararsız vəziyyətə düşməsi ilə yanaşı\ iri və xırda buynuzlu heyvanların ölümünə də səbəb ola bilir.


Dolunun meydana gətirdiyi zərərlər quraqlıq, sel kimi digər meteoroloji fəlakətlərdə olduğu kimi geniş miqyaslı olmasa da, yetərincədir. Dolu bitkilərin inkişaf və böyümə mərhələsində yağdığı zaman gənc  çiçək, yarpaq və meyvələri qoparır və məhv edir. Ayrıca, ağaclara zərər vuraraq, onların  gələcək illər üçün səmərəsini xeyli aşağı salır.