Xəbərlər

Bakı və Gəncə məktəbliləri ilə “Sağlam məktəbli” layihəsi çərçivəsində görüş keçirilib

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Bakıda və regionlarda maarifləndirmə tədbirlərini davam etdirir.

 

AQTA-dan AZƏRTAC-a verilən xəbərə görə, agentliyin mütəxəssisləri “Sağlam məktəbli” layihəsi çərçivəsində növbəti tədbiri paytaxtın Nərimanov rayonundakı 212 nömrəli tam orta məktəb və Gəncə şəhərindəki N.Nərimanov adına 25 nömrəli tam orta məktəbdə keçiriblər.

 

Tədbirdə məktəbin şagird və müəllim heyətinə təhlükəsiz qidalanma, enerji içkilərinin insan orqanizminə zərərləri, konservləşdirilmiş qida məhsullarını istifadə edərkən diqqət edilməli məqamlar, yumurtanın faydaları haqqında məlumatlar verilib, agentliyin bu barədə hazırladığı videoçarxlar təqdim olunub.

 

Sonda agentliyin əməkdaşları məktəbliləri maraqlandıran sualları cavablandırıb və onlara sağlam qidalanma ilə bağlı maarifləndirici materiallar paylayıblar.

 

Qeyd edək ki, bu il “Sağlam məktəbli” layihəsinin Bakı şəhərində 20, regionlarda isə 60-dan çox məktəbdə həyata keçirilməsi planlaşdırılıb. Layihənin keçirilməsində məqsəd məktəblilər arasında sağlam qidalanmanın təşviqi, qida təhlükəsizliyi anlayışının təbliğ edilməsi və şagirdlərə qida təhlükəsizliyi vərdişlərinin aşılanmasıdır.