Nağıllar, hekayələr

Arıların qəzəbi

Biri var idi, biri yox idi, bir fil var idi. Bu fil hələ balacalıqdan çox dəcəl idi. Hər dəfə bir heyvanla dava-dalaş edərdi. Günlərin birində fil meşədə xortumunu bir ağaca dolayıb o tərəf-bu tərəfə silkələyirdi. Ağac az qalırdı kökündən qopsun. Demə, bu ağacın dibində bal arılarının yuvaları varmış. Fil ağacı tərpətdikcə arıların yuvaları dağılırdı. Odur ki, arılar dedilər:
– Fil qardaş, səndən xahiş edirik ki, yuvalarımızı dağıtmayasan.
Fil dedi:
– Mən yuva-muva bilmirəm, kefim gəlib oynayıram.
Arılar dedilər:
– Ay fil qardaş, biz sənə demirik ki, oynama, get bir az da o biri ağacın dibində oyna.
Fil dedi:
– Mən heç yerə gedəsi deyiləm, bir bunların boy-buxunlarına bax, bapbalaca boyları var, gör mənə nə deyirlər.
Arılar dedilər:
– Fil qardaş, əgər sən bizim yuvalarımızı dağıtsan, biz də səni sancıb öldürərik.
Fil dedi:
– Gəlin, nə kefiniz istəyir, eləyin, sizdən qorxan yoxdur.
Arılar yuvalarına qayıdıb böyükləri ilə məsləhətləşdilər. Belə qərara gəldilər ki, axırıncı dəfə bir də fildən xahiş etsinlər, əgər razı olmasa, onu sancıb öldürsünlər. Bu dəfə də arılar filə çox nəsihət elədilər, fil onların sözünə baxmadı. Odur ki, bütün arılar hücum çəkərək filin başına, gözünə, qulaqlarına, burnuna, ağzına, bədəninə yapışıb onu sancdılar. Bir dəqiqənin içində filin bədəni şişib dama döndü. Ağrıdan qışqırtısı aləmi götürdü, başladı qaçmağa. Fil qaçdıqca arılar da onu sancırdılar.
Fil o qədər qaçdı ki, axırda taqətdən düşüb yerə yıxıldı.
Arılar onu dövrəyə alıb dedilər:
– Fil qardaş, çox tərslik eləyib bizə meydan oxuyurdun, indi de görək halın necədir?
Fil utandığından başını qaldırmadı.
Arılar dedilər:
– Fil qardaş, sən öz gücünə arxalanıb bizi əzirdin. Özündən zəifləri əzənlərin axırı, bax belə olar.