Nağıllar, hekayələr

S.S. Axundov. “Nurəddin”

Qafqazda Hacı Nəsir adlı bir tacir sakin idi. Bu tacirin Həlimə adlı arvadı camalda gözəl olduğu kimi, xasiyyətdə də gözəldi. Bu arvadın dünyada övladsızlıqdan başqa bir qəm, qüssəsi yox idi. Axırda bunların bir oğlu oldu. Hacı Nəsir o gün oğlunun təvəllüdünü şadlıq edib, şəhərin fəqir-füqərasına pul və xörək payladı. Oğlunun adını Nurəddin qoydular.
Bir dəfə Hacı Nəsir oğlu üçün kibrit qutusu irilikdə bir “Gülüstan” kitabı gətirmişdi. Həlimə bu qəribə şeyi haradan aldığını soruşduqda Hacı Nəsir cavab verdi:
–Bir gün bazardan qayıdarkən, bir nəfəri körpü üstündə ağlayan gördüm. Mən dayanıb bunun səbəbini soruşdum.
Kişi dedi:
– Mən bir kasıb adamam. Əslim iranlıdır. Əldə xırdavat satmaqla üç yüz manat pul düzəldib buraya gəldim ki, mal alıb aparam. Bir saat bundan qabaq pulumun hamısını cibimdən çıxartmışlar.
Bu kişinin halına ürəyim yandı. Cibimdən üç yüz manat çıxarıb dedim:
– Al, kişi, bu sənin üç yüz manatın, get mal al, kəsbindən qalma. Qazanıb, sonra pulumu qaytararsan. İndi isə balaca Nurəddinimə dua et.
Kişi əlimdən öpüb adımı və mənzilimi soruşdu və sevinə-sevinə çıxıb getdi. Axşam mənzilimdə çay içdiyim zaman həmin kişi içəri daxil olub:
– Hacı, sovqat üçün bundan əziz bir şey yoxdur, – deyə “Gülüstan” kitabını mənə uzatdı. – Qoy mən Rəhim tərəfindən sevgili övladınız Nurəddinə Sədinin bu “Gülüstan” kitabı yadigar olsun.
Sonra dübarə razılıq edib getdi.
Həlimə kitabı ipək parçaya tikib Nurəddinin boynundan asdı:
– Oğlum böyüyəndə bu kitabı oxuyar, – dedi.
Nurəddin böyüyüb səkkiz yaşına çatdı. Hacı Nəsir oğlunu məktəbə qoydu. Nurəddin oxumaqda birinci şagird idi.
Bir dəfə Həlimə hamamdan çıxanda özünü soyuğa verib yorğan-döşəyə düşdü. Hacı Nəsir bir neçə məşhur həkim gətirdisə də, onu sağalda bilmədi. O, “Nurəddin”, – deyə-deyə vəfat etdi. ...Anasının vəfatından sonra Nurəddində böyük qəmginlik görünürdü. Ancaq biliyi ilə müəllimlərini heyrətə gətirirdi.
Hacı Nəsir evlənmək fikrinə düşdü. O, qeyri şəhərdə sakin olan şəriki ilə hesab çəkməyə getmişdi. Bu şəhərin iyirmi verstliyində olan kənddə Hacı Nəsirin İmamverdi adlı tanışı vardı.
İmamverdi onu mehribanlıqla qarşıladı. Sonra üzünü qızına sarı tutub dedi:
– Gülpəri, tez ol, nahar tədarük et, Hacı Nəsir yol gəlib, acdır.
Gülpəri qısaboylu, doluəndamlı, qarabuğdayı, bədxasiyyət, iyirmi üç yaşında bir qız idi. Onların uzun söhbətinin nəticəsi bu oldu ki, qəza Hacı Nəsiri dolaşdırıb İmamverdi ilə qohum etdi.
İki gündən sonra Hacı Nəsir Gülpərini evinə arvad gətirdi.
Gülpəri evdəkilərin hamısı ilə kobud rəftar edirdi. Get-gedə onun zülmü artırdı. On ildən ziyadə Hacı Nəsirə xidmət edən bir nökər bu tövr rəftara daha davam edə bilməyib qulluqdan çıxdı. Nurəddin olmasaydı, qulluqçu Bahar da çoxdan çıxıb gedərdi. Gülpərinin hər zülmünə davam edirdi, təki əli balaca Nurəddindən üzülməsin.
Hacı Nəsir bu işləri görüb ikinci dəfə evlənməyə çox peşman idi.
Bir gün Nurəddin evə gec gəldikdə Gülpəri hirslənib onu döyməyə başladı. Bu halda qəflətən Hacı Nəsir qapıdan içəri girdi və Nurəddini Gülpərinin əlindən alıb qeyzlənmiş dedi:

 Ay yaramaz, mən sənin kimi bir kasıb qızını dilənçilikdən qurtarıb özümə arvad etdim ki, sən də o yaxşılığın əvəzində bu uşağa analıq edib qayğısını çəkəsən, yoxsa onun üçün cəllad olasan? Bundan sonra səni bu evdə bir gün də saxlamaram.
Bunu deyib, Hacı Nəsir cəld bazara tərəf getdi. Bu ittifaqdan yarım saat keçməmişdi ki, Hacı Nəsirin dükanda ürəyi partlayıb vəfat etməsi xəbəri gəldi.
Hacı Nəsirin üçü çıxan kimi Gülpəri Nurəddinin üzündən öpəöpə əlinə pul verib dedi:
– Oğlum, daha dərsdən qalma. Dur məktəbə get. Yol uzunu Nurəddin Gülpəri barədə fikir edirdi: “Atam öləndən bəri Gülpəri mənimlə çox mehriban dolanır. Əvvəldən belə olsaydı, heç atamın da bağrı çatlayıb ölməzdi”.
Bu fikirdə ikən Nurəddin gəlib məktəbə çatdı. Gülpərinin belə dəyişməsinə səbəb Nurəddinin zənn etdiklərinin heç biri deyildi.

Gülpəri yaxşı bilirdi ki, özünün övladsız olmasına görə Hacı Nəsirin cəmi mal və dövləti tək Nurəddinə qalacaqdır və o da uşaq olduğundan hər ixtiyar qəyyum əlinə keçəcəkdi. İndi hiyləgər qadın bu qəyyumluğu axtarırdı və məramına da çatdı.
Nurəddin evlərinə qayıtdıqda Bahar onu əhvalatdan xəbərdar etdi. Nurəddin Gülpərinin dəyişməsini indi başa düşdü. Bahar dedi:
– Qorxma, nə qədər ki, sən sağsan, Gülpəri bir qəpiyə də əl vura bilməz və səni incidə bilməz, çünki onda onu qəyyumluqdan çıxararlar...
Nurəddinin səbirsizliklə gözlədiyi gün gəlib çatdı. Kəndə getməyə hazırlaşırdılar. Üç gün idi ki, Gülpəri səfərə yığışırdı. Gülpəri cəmi şeylərini sandıqlara doldurub özü ilə aparmaq fikrində idi.
Bahar ümid edirdi ki, Gülpəri onu da kəndə aparacaqdır. Lakin hər bir şey hazır olandan sonra Gülpəri ona dedi:
– Bahar, sən şəhərdə qalasısan. Evi səndən başqa heç kəsə ümid olub, qoya bilmərəm.
Gülpəri bir neçə gün qabaq kağız vasitəsilə hansı gün çıxmalarını atasına məlum etmişdi. Lakin səfərin ikinci günü gəlib oraya çatdıqda vağzalda nə atasını və nə də bir tanış adam gördü. Gülpəri nökəri Cəfəri göndərib iki fayton tutdurdu, faytonun birinə nökəri və şeyləri qoyub, o birinə də özü Nurəddinlə oturdu və qorxa- qorxa yola düşdü. Gülpərini qorxuya salan dağlar arasından və meşələr içindən keçən yollardı ki, onlarda çox vaxtı soyğunçuluq ittifaq düşərdi.

Meşənin qurtaracağına iki verst qalmış bir atlı-yaraqlı adam Cəfərin qabağını kəsdi.
– Dayan, tərpənmə, atdan düş, yoxsa odladım!
– Əmiraslan ağa, atma, mənəm.

Gülpəri bu səsi eşitcək sevinib qışqırdı:
– Əmiraslan, əmioğlu, sənsən?! Nə yaxşı gəldin, bəs atam hanı? Gərək fayton tutub qabağımıza gələ idi. Bilmirəm kağızım gəlib çatmayıb, ya başına bir iş gəlib?
Əmiraslan dedi:
– Mənim sizin gəlməyinizdən xəbərim olmamışdır. Özüm də evdən səhər çıxmışam, yəqin, əmimin indiyə kimi gəlib çıxmamağına səbəb körpünü sel aparması olmuşdur.
Sonra faytona minib Gülpərilə gizlin söhbətə başladı...
Əmiraslan İmamverdinin kiçik qardaşı Tanrıqulunun oğlu idi. Bundan başqa Tanrıqulunun övladı olmamışdı. Ona görə valideyni Əmiraslanı əzizləyib, ərköyün böyütmüşdü. Belə tərbiyənin nəticəsi tezliklə ortaya çıxdı. Əmiraslan doqquz yaşına çatdıqda atası onu mollanın yanına oxumağa apardı. Üç gündən sonra Əmiraslan məktəbdən qaçdı.
Tanrıqulu bir-iki adamın məsləhətinə görə oğlunu şkolaya qoydu. Əmiraslan şkolada çox davam etmədi. Nadinc uşaq müəllimləri təngə gətirmişdi. Axırda yoldaşlarının birini yaralamağının üstündə Əmiraslanı məktəbdən xaric etdilər.
İmamverdi Əmiraslanın oxumayıb belə bitərbiyə qalmasından çox narazı idi və bu barədə qardaşını müqəssir bilirdi.
Əmiraslan on altı yaşına çatanda ata-anası dalbadal vəfat etdi. Bir-iki ilin ərzində yaramaz oğul atasından qalanların hamısını kefə, qumara qoyub tələf etdi. İmamverdi nə qədər çalışdısa da, qardaşı oğlunu pis yoldan qaytara bilmədi və axırda onunla bilmərrə əlaqəsini kəsib evinə qoymadı. Nə qədər əlində dövlət var idi, Əmiraslan Gülpəriyə yaxın düşmürdü. Elə ki, yoxsullaşdı, Gülpərini almaq fikrinə düşdü. Lakin İmamverdi:
– Nə qədər mən sağam, bu iş baş tutmaz, – deyə onun təklifini rədd etdi. Gülpərinin könlü əmisi oğlunda idi. Ona görə də qoşulub qaçmaq istəyirdi. Lakin Əmiraslan bu əmrə razı deyildi, çünki onun fikri Gülpərini almaq deyil, əmisinin dövlətini ələ almaq idi.

Pis yola öyrənmiş Əmiraslan yavaş-yavaş oğurluğa və yol kəsməyə qurşandı. İndi faytonda əyləşib Gülpəriylə söhbət edən Əmiraslan belə hərifdi...
Kənddə bir neçə gün qalmışdılar ki, bir gün Əmiraslan onlara gəldi. İmamverdi baba o biri otağa keçdi, orada nə baş verdiyini Nurəddin bilmədi. Ancaq oradan İmamverdi babanın qışqırığı gəlirdi.
Bu ittifaqdan üç gün keçmiş, Gülpəri atasından izinsiz kəbinini kəsdirib Əmiraslana ərə getdi. Gülpəri gətirdiyi şeylərin hamısını özü ilə bərabər apardı.
Nurəddin İmamverdi babanın yanında çox gözəl vaxt keçirirdi və şükür edirdi ki, Gülpəri onu özü ilə aparmadı. Əfsus ki, zavallı Nurəddin üçün bu xoşbəxtlik çox çəkmədi. Gülpəri nədənsə fikrini dəyişdirib Nurəddini öz yanına aparmaq istəyirdi. Lakin İmamverdi baba əsla razı olmurdu.

Nəhayət, İmamverdi baba istər-istəməz razı oldu. Nurəddin də Əmiraslanın evinə köçdü. Az bir müddətdə Əmiraslan Gülpərinin əlindəki nəqd pulunu alıb qumara, kefə tələf etdi.
Bir gün İmamverdi babanın iflic azarından dili tutulmaq xəbəri gəldi. Gülpəri və Əmiraslan cəld geyinib getdilər, amma Nurəddini aparmadılar. Gecə Əmiraslan ilə Gülpərinin söhbətindən Nurəddin anladı ki, İmamverdi babanın dili tutulubsa da, hələ ölüm haləti yoxdur. Bu xəbərdən Nurəddin şad olub öz-özünə dedi:
–Yox, Əmiraslan məni öldürsə də, səhər sübhdən qaçıb babamı yoxlamağa gedəcəyəm.
Bu fikir ilə Nurəddin yatdı. Səhər tezdən geyinib bağçaya girdi ki, gizlincə İmamverdi babagilə getsin. Nurəddin qəflətən Əmiraslan ilə Gülpərinin səsini eşitdi. Cəld kolun içinə girib gizləndi. Əmiraslan Gülpəriyə deyirdi:
– Sənə yenə deyirəm ki, zəhər verməkdən başqa çarə yoxdur.
“Yazıq baba, bu zalımlar sənə zəhər vermək istəyirlər. Yox, qoymaram, nə yaxşı oldu ki, bunların fikrini bildim”.
Nurəddin bu fikirdə ikən Əmiraslan başladı:
– İndi yaxşı fürsətdir. Əmimin dili tutulub, xəstəlikdə yatır, Bahar da ki, uzaqdadır. Kimə nə gərəkdir ki, Nurəddin nə azardan öldü.
Bu sözləri eşidəndə Nurəddinin rəngi qaçıb tükləri biz-biz durdu. Yazıq uşaq qorxusundan nəfəsini içinə elə çəkmişdi ki, deyəsən, biruh idi.

– Nurəddini göndərəcəyəm ki, həyətdə quyudan su çəksin. O, su çəkdiyi halda daldan itələyib quyuya salacağam. Hamıya deyərik ki, quyudan su çəkdiyi yerdə özü düşüb boğulmuşdur. Hərgah razısansa, de, bu axşam əmələ gətirim.
– Razıyam, – deyə Gülpəri cavab verdi.
Əmiraslan və Gülpəri getdilər. Bir azdan sonra Nurəddin kolluqdan çıxdı. O yan-bu yana baxıb qorxa-qorxa yola düşdü.
– İndi daha mən İmamverdi babanın yanına niyə gedim? O özü ölüm halında ikən məni bu zalımların əlindən necə xilas edə bilər? Yox, yox, qaçıb özümü Bahara çatdırmaqdan başqa bir çarə yoxdur.
Bunu deyib Nurəddin sürətlə meşəyə tərəf üz qoydu...
Ancaq yolu azıb meşədən çıxa bilmədi. Gün batan zaman bir şaxlıbudaqlı ağac tapıb üstünə çıxdı ki, gecə orada yatsın.
Nurəddin əvvəl gözlərini açanda harada olduğunu bilmədi. Sonra huşu özünə gəlib ağacda yatdığı yadına düşdü. Qarğaların səsinə yol ilə gedən bir qoca dilənçi oraya gəldi. Nurəddin bunu görüb, ağacdan düşmək istəmədi. Yolçu dedi:
– Ağacdan düş, oğlum, mən səni evinizə apararam.
Nurəddin bu təklifdən qorxub titrəyə-titrəyə belə cavab verdi:
– Mənim evim yoxdur, əmi. Mən atasız-anasız bir yetiməm.

Dilənçi dağarcığından bir qədər quru çörək və soğan çıxarıb Nurəddinə verdi. Nurəddin alıb şirin-şirin yeməyə başladı. Aclığını bir qədər dəf edəndən sonra Nurəddin bəlalı başına gələn hadisələri dilənçiyə nağıl etdi.
– Əmi, məni evimizə çatdırsan, Bahar sənə hər nə istəsən verər, – deyə Nurəddin dilənçiyə yalvardı.
– Qorxma, oğlum, səni aparıb evinizə verərəm. Sizin şəhər buradan xeyli uzaqdır.
On iki gündən sonra yolçular gəlib böyük bir şəhərə çatdılar.
Cənnətəli xəstə olduğuna görə Nurəddini dilənməyə göndərdi. Nurəddin indiyə kimi heç vaxt əl açıb dilənməmişdi. Bir-iki küçə dolandısa da, həya edib bir kəsə əl uzada bilmədi.
Küçələrdən birini keçərkən, ayağı büdrəyib yıxıldı. Bu halda bir fayton iti gəlirdi.
Faytonçu atları saxlaya bilməyib Nurəddini vurdu. Bunu görcək adamlar qışqırışıb yüyürüşdülər. Nurəddini götürdülər və Rəhimin faytonuna qoydular. O da minib dedi:
– Tez sür evə!
Rəhim şəhərin məşhur cərrahını çağırtdı. Həkim Nurəddinin yaralarının yerlərini yuyub sarıdı və dedi:
– Qorxulu yarası yoxdur. Beş-on günə sağalıb durar.
Uşağı soyundurub yumağa məşğul oldular. Rəhimə Nurəddinin boynundan parçaya tikilmiş bir dua çıxartdı. Bu duanın parçası həm çirkli və həm də köhnə olduğundan bunu təzə parçaya tikmək məqsədilə cırdı. İçindən bir balaca kitab çıxdı.
– Kişi, gör bu nədir, – deyə Rəhimə kitabı Rəhimə uzatdı. Rəhim ona baxıb dedi:
– Şükür olsun, axırda tapdım. – Sonra üzünü uşağa tutub dedi:
– Sənin adın Nurəddindirmi, oğlum?
– Bəli, – deyə Nurəddin zəif səslə cavab verdi.
Bunu eşidən Rəhimə soruşdu:
– Kişi, sən bunun adını haradan bildin?
– Rəhimə, bu uşaq axtardığımız, Hacı Nəsirin oğlu Nurəddindir. Bu əlimdəki də sənə nağıl etdiyim “Gülüstan”dır.
Nurəddin sağalıb ayağa durmuşdu. Rəhim və Rəhimə Nurəddindən bu dilənçilik halına düşməyinin səbəbini ancaq indi soruşdular. Nurəddin başına gələni nağıl etməyə başladı. O nağıl etdikcə rəhmdil qocalar ah çəkirdilər.
Nurəddin nağılı tamam edib Rəhimdən təvəqqe elədi ki, onu evlərinə, Baharın yanına göndərsin.
Rəhim Nurəddinin kitabını əlinə götürüb dedi:
– Oğlum, bu kitabın əhvalatını bilirsənmi?
- Bəli, atam söyləyibdir, - deyə Nurəddin cavab verdi.
– Oğlum, o Rəhim mənəm. Bahar səni mühafizə edə bilməz. İndi sən razı olsan, Bahara da yazaram, gələr.

Nurəddin bu təklifi qəbul etdi. Rəhim Nurəddini edadi (orta) məktəbinə qoydu. Bir dəfə dərsdən qayıdarkən Nurəddin küçədə Cənnətəlini gördü. Çox sevindi, onunla görüşdü.
– Baba, sən mənə yaxşılıq etdin, indi də mən sənə yaxşılıq edəcəyəm
Cənnətəliyə təzə libas geyindirib bağçaya bağban etdilər. Bir axşam Nurəddin Rəhim və Rəhimə ilə çay içdiyi zaman, Bahar qapıdan içəri girdi və Nurəddinə təəccüblə və çaşmış bir halda baxıb dayandı. Nurəddin cəld qalxıb dedi:
– Bahar, məni tanımırsanmı?
Bu sözü deyib özünü onun üstünə atdı. Bahar ancaq indi ayılıb dedi:
– Vay, Nurəddin sağ imiş. – Bunu deyib Nurəddini bərk qucaqladı. Bahar bir az rahat olandan sonra dedi:
– Nurəddin, bilirsənmi ki, səni hamı, hətta divan da ölmüş bilir. Bir də gördüm ki, Əmiraslanla Gülpəri budur gəldilər, evin yerdə qalan şeylərini yığışdırıb kəndə göndərdilər və mənə də dedilər:
– Bahar, indi sən bizə lazım deyilsən...
Bu nağıl etdiyimiz zamandan on il keçdi. Rəhimin evində böyük qonaqlıq tədarükü görülürdü. Bu qonaqlıq Nurəddinin edadi məktəbini qurtarması münasibətilə yoldaşlarına verdiyi ziyafət idi.
Axşama iki saat qalmış, qonaqlar dağılmağa başladılar. Nurəddin də özünü bir qədər havaya vermək üçün şəhər bağına gəzməyə getdi. Axşam vaxtı, külfət hamısı çay süfrəsində hazır olan vaxt Nurəddin içəri girib dedi:
– Ata, sizə bir qonaq gətirmişəm, təvəqqe edirəm qəbul edəsiniz.
– Edərəm, oğlum, de, içəri gəlsin.
Nurəddin çıxıb bir dilənçi arvadın əlindən tutub içəriyə saldı və dedi:
– Ana, bilirsənmi, bu dilənçi arvad kimdir?
– Gülpəridir, – deyə Bahar qışqırdı.
– Bəli, Bahar, Gülpəridir.
Nurəddin Gülpəriyə tərəf döndü və dedi:
– Gülpəri, indiyə kimi mənə etdiyin zülm və cəfanın əvəzində mən sənin bütün təqsirindən keçib bağışlayıram.
Bunu eşitcək Gülpəri ağlaya-ağlaya Nurəddinin ayağına yıxıldı.
Nurəddin Gülpərini qaldırıb oturtdu.
Gülpəri başladı:
– Doğrudur, sənin dövlətinə sahib olmaq istəyirdim, ancaq ölümünü istəmirdim. Məni yoldan çıxardan o şeytan Əmiraslan oldu. Sonra səni ölmüş bilib malına sahib olduq...
Bir-iki ilin ərzində Əmiraslan pulları qumarda uduzub qurtardı. Sonra əvvəl şəhərdəki və ondan sonra kənddəki evləri satıb tələf etdi. Hər şey əldən çıxandan sonra Əmiraslan məni qovub özü də qaçaq dəstəsinə qoşuldu. Bir neçə müddət quldurluq edəndən sonra divan tərəfindən tutulub asıldı.
İndi o gündən küçələrə düşüb dilənçilik edirəm...
Gülpəri başını aşağı salıb yenə ağlamağa başladı. Rəhim dedi:
– Oğlum, indi rahat ola bilərəm. Çünki sənə verdiyim tərbiyənin meyvəsini bu gün gördüm. Mən səni oğulluğa götürməklə böyük bir hünər etmədim, çünki mən ancaq yaxşılığa yaxşılıq etdim. Bu, hər kişinin işidir. Amma sən yamanlığa yaxşılıq etdin. Bu isə ancaq sənin kimi ər kişinin işidir
Bunu deyən Rəhim Nurəddini qucaqlayıb öpdü.