Görkəmli şəxsiyyətlər

İlk aktrisamız kimdir

20-ci əsrin əvvəllərində Tiflis Cənubi Qafqazın ən inkişaf etmiş mədəniyyət mərkəzi idi. Qafqazın ən önəmli mədəni, ictimai, siyasi hadisələri məhz bu şəhərdə baş verirdi. Azərbaycanlı xanım aktrisanın səhnəyə çıxması da bu hadisələrdən biri oldu.


İlk dəfə 1906-cı ildə səhnəyə çıxan Gövhər Qazıyeva - teatrımızın ilk aktrisası teatr tarixində “Göyərçin xanım” adı ilə xatırlanır.


1887-ci ildə Tiflisdə ziyalı ailəsində anadan olan Gövhər xanım Azərbaycan və rus dillərində mükəmməl təhsil alıb. Tiflisdə Nəcib Qızlar İnstitutunu bitirib.


19-cu əsrin sonu, 20-ci əsrin əvvəllərində başqa sahələrdə olduğu kimi, Tiflisin teatr mühiti də Bakıdakından fərqli olaraq, çox canlı və maraqlı idi. Elə o zaman fəaliyyət göstərən Tiflis zadəgan teatrında azərbaycanlı aktyor və aktrisalar da çıxış edirdi.


Azərbaycan truppalarının tamaşalarında fəal iştirak edən Gövhərin teatra həvəsi 1906-cı ildə onun ilk dəfə səhnəyə çıxması ilə nəticələnir. Gövhərin Tiflis zadəgan teatrında ilk çıxışı isə 1910-cu il oktyabrın 9-da olur. N.Vəzirovun “Müsibəti Fəxrəddin” faciəsində çox böyük uğurla oynayan aktrisa oktyabrın 30-da Şəmsəddin Saminin hazırladığı “Gaveyi- ahəngər” (“Dəmirçi Gavə”) tamaşasına dəvət alır.


Göyərçin xanım tezliklə bütün Qafqazda: Tiflisdə, Bakıda məşhurlaşır. Qəzetlər onun haqqında yazmağa başlayır. Bir çox tamaşalarda çıxış edən Gövhər xanım Azərbaycan teatrının ilk qadın “Leyli”lərindən olur. Bundan başqa, aktrisa Bakıda bir çox tamaşalarda: H.Heynenin “Əlmənsur”, Loxmanovun “Napoleonun vəfatı”, N.Kamalın “Qara bəla”, N.Nərimanovun “Nadir şah”, Ə.Haqverdiyevin “Pəri Cadu”, “Bəxtsiz cavan”, Z.Hacıbəyovun “Evliykən subay” əsərlərində əsas rollan ifa edib.


1911-ci ildə Tiflisdə aktrisanın benefisi keçirilir. Bu gecədə ilk dəfə Zülfuqar Hacıbəyovun “On bir yaşlı arvad” pyesi göstərilir, Gövhər xanım da bu tamaşada əsas rolu canlandırır.


Hüseyn Ərəblinski, Hüseynqulu Sarabski, Mirzəağa Əliyevlə - bir sözlə, teatrımızın korifeyləri ilə birgə çıxış edən “Göyərçin xanım”ın səhnəyə çıxmasına mane olanlar da var idi. Buna baxmayaraq, Azərbaycan səhnəsinin ilk göyərçini səhnə fəaliyyətinə davam edir.


Tale elə gətirmişdir ki, Gövhər Qazıyeva İrana getmiş və həmişəlik orada qalmışdır.


1937-ci ildə aktrisa bir neçə günlüyə Bakıya gəlir. Keçmiş səhnə dostları onun şərəfinə teatrda qəbul təşkil edirlər. O gün Cəfər Cabbarlının “Almaz” pyesi əsasında hazırlanan tamaşa nümayiş etdirilirmiş. Həmin gün daha bir qeyri-adi hadisə baş verir: Gövhər Qazıyeva itirdiyi və on beş il həsrət qaldığı oğlu İsmayılı tapır. Sevincdən özünü itirən qadın teatrda hamıya hədiyyə paylamağa başlayır.


1960-cı ildə Cənubi Azərbaycanda vəfat edən səhnəmizin “Göyərçin xanımı”nın Azərbaycan tarixinin ən cəsarətli qadınları arasında öz yeri var.