Xəbərlər

“Sağlam məktəbli”lərin əhatə dairəsi genişlənir

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Bakıda və regionlarda maarifləndirmə tədbirlərini davam etdirir. Layihə çərçivəsində növbəti tədbir Bakı şəhəri Nərimanov rayonu 207 saylı, Sumqayıt şəhəri 11 saylı  və Qazax rayonu 4 saylı tam orta məktəbdə keçirilib. 


AQTA-nın informasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a bildirilib ki, “Sağlam məktəbli” layihəsi çərçivəsində məktəblilər arasında sağlam qidalanma  və qida təhlükəsizliyi anlayışı təbliğ edilir, həmçinin şagirdlərə qida təhlükəsizliyi vərdişləri  aşılanır. Bu məqsədlə tədbirlərdə agentliyin mütəxəssisləri tərəfindən şagirdlərə təhlükəsiz qidalanma haqqında məlumat verilib, agentliyin hazırladığı videoçarxlar təqdim olunub. “Məktəblərdə sanitar-gigiyenik norma və qaydalara əməl olunması”, “Fast food” qidalarının ziyanları” mövzularında şagirdlərlə fikir mübadiləsi aparılıb. Onlara şəkərdən düzgün istifadə qaydaları, sağlam qidalanma və balıq ətindən istifadənin faydası barədə məlumat verilib.  


Sonda agentliyin əməkdaşları tərəfindən məktəbliləri maraqlandıran suallar cavablandırılıb və onlara sağlam qidalanma ilə bağlı maarifləndirici materiallar paylanılıb.