Şeirlər

M. Rzaquzuladə. “Ölkəmin çiçəkləri”

Ölkəmin çiçəkləri - 
Ey qızlar, ey oğullar! 
Bu əziz ana Vətən, 
Bu qəlbi odlu diyar 
Mərd-igid babalardan 
Qalıb sizə yadigar! 
Sizindir şiş ucları 
Göydələn qarlı dağlar! 
Sizindir şırıl-şırıl 
Axan büllur bulaqlar! 
Üstü parlaq ulduzlu 
Üçrəng bayraq bizimdir. 
Füzulinin, Sabirin, 
Vurğunun şirin dili 
Sizinkidir, balalar, 
Sevin bu azad eli!..
Sizindir, bu Vətənin 
Hər nəyi var, sizindir! 
Bütün Şərqə nur saçan 
Odlu diyar sizindir! 
Sizindir... 
ancaq sizə 
Bu Vətən yadigardır! 
Bu günün də, balalar, 
Əlbət, sabahı vardır!.. 
Siz də bu yadigarı 
Öz alın tərinizlə, 
Daha da abad edin. 
Sizə ümid bəsləyən 
Bu elləri şad edin!..