Xəbərlər

Bakı məktəbliləri karate üzrə beynəlxalq turnirdən qələbə ilə qayıdıblar

Bakı məktəbliləri İranın paytaxtı Tehranda karate üzrə keçirilmiş beynəlxalq turnirdən böyük qalibiyyətlə Vətənə qayıdıblar.

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) AZƏRTAC-a bildirilib ki, onlardan 8-i qızıl, 3-ü gümüş, 2-si isə bürünc medala layiq görülüb. BŞTİ-nin tabeliyindəki 2 nömrəli texniki-humanitar liseyin VIII sinif şagirdi Ulvira Rüstəmli, 18 nömrəli tam orta məktəbin VII sinif şagirdi Elnaz Soltanlı, 141 nömrəli tam orta məktəbin IV sinif şagirdi Eldar Əsədov, 165 nömrəli tam orta məktəbin VII sinif şagirdi Sənan Hüseynzadə, 95 nömrəli tam orta məktəbin V sinif şagirdi Zəhra Salmanlı, 115 nömrəli tam orta məktəbin VIII sinif şagirdi Fərid Hacıyev, 299 nömrəli tam orta məktəbin VIII sinif şagirdi Ayxan Əliyev və IX sinif şagirdi Telman Əliyev bütün rəqibləri üzərində qələbə qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Məktəblilər qızıl medal və diplomla mükafatlandırılıb. Bundan əlavə, 165 nömrəli tam orta məktəbin IX sinif şagirdi Tural Rzayev, 192 nömrəli tam orta məktəbin IV sinif şagirdi Qələndər Miriyev və 220 nömrəli məktəb-liseyin IX sinif şagirdi Hüseyn Ağasıyev II yerə layiq görülüblər. Qalib məktəblilər gümüş medal və diplomla təltif olunublar.

 

Paytaxtdakı 192 nömrəli tam orta məktəbin VI sinif şagirdi Cəlal Miriyev və 53 nömrəli tam orta məktəbin VII sinif şagirdi Nihad Məhəmmədəliyev isə beynəlxalq yarışda III yeri tutub. Yarışın nəticələrinə əsasən, məktəblilər medal və diplomla mükafatlandırılıb.

 

Bakı məktəblilərinin məğlub etdikləri rəqiblər arasında erməni idmançılar üstünlük təşkil edib.

 

Qeyd edək ki, 1600-dən çox idmançının qatıldığı beynəlxalq turnirdə Azərbaycanı təmsil edən bütün idmançılar parlaq çıxışları ilə yadda qalıblar.