Görkəmli şəxsiyyətlər

Mədinə xanım Qiyasbəyli

Azərbaycanda mənalı həyat yolu keçən dəyərli, ziyalı qadınlarımızdan biri Mədinə xanım Qiyasbəyli olmuşdur.


Mədinə xanım Qiyasbəyli 1889-cu ilin aprelində Qazax qəzasının Salahlı kəndində Mehdi ağa Vəkilovun ailəsində dünyaya gəlmişdir. Mədinə xanım Qiyasbəylinin maarifpərvər bir nəsildə, elmə, biliyə dəyər verən Mehdi ağanın ailəsində dünyaya gəlməsi onun gələcək həyatında mühüm rol oynamışdır.


Mədinə xanım ilk təhsilini evdə valideynlərindən almış, sonra Tiflisdə “Müqəddəs Nina” qız məktəbində oxumuşdur. Təhsilini əla qiymətlərlə başa vuran Mədinə xanım kənddə qızlar üçün məktəb açmaq qərarına gəlir. Ancaq mollaları, gerilik tərəfdarları çox olan, insanları cəhalət məngənəsində sıxılan bir əyalət kəndində bunu həyata keçirmək o qədər də asan deyildi.


Camaat qızlarını Mədinə xanımın məktəbinə verməyə cəsarət etmirdi. Bunu görən gənc Mədinə işə yaxın qohumlarının uşaqlarından başlayır. Əlbəttə ki, uğur qazanır. Yavaş-yavaş uşaqların sayı 30-a çatır.
Müəyyən müddətdən sonra Mədinə xanım Qazaxda Xalq məktəbləri inspektoru təyin edilir və maarif işlərinin genişlənməsi üçün əlindən gələni əsirgəmir. Bacarığı və savadı onu tezliklə tanıdır. Bakıya köçən Mədinə xanım 1920-ci ilin martında burada savad kursunun açılmasına nail olur. Martın 10-da kurs milli hökumətin qərarı ilə rəsmiləşdirilir. Mədinə xanımı sayca ikinci olan qadın axşam kursunun müəllimi təyin edirlər. Az müddətdə 20-yə qədər savadlanmaq istəyən qadın buraya müraciət edir. Kursda Üzeyir Hacıbəyli, Xədicə xanım Ağayeva, Şəfiqə xanım Əfəndizadə dərs deyirlər.


Beləliklə, Salahlıda ilk kənd qız məktəbi formalaşır. Məktəbdə türk dili, hesab, təbiətşünaslıq, rus dili fənləri ilə yanaşı, musiqi dərsləri də tədris olunurdu.


1910-cu ildə Mədinə xanım Şəhriyar bəy Qiyasbəyovla evlənərək Dağ Kəsəmən kəndinə gəlin köçür. Canı ilə, qanı ilə işinə bağlı olan biri dağ kəndində boş durarmı?! Orada da tezliklə qızları təhsilə cəlb etməyin yolunu axtarmağa başlayır. Nəhayət, qısa zaman içində Dağ Kəsəməndə qız məktəbi açmağa nail olur.


Bakıya köçəndən sonra burada yaşadığı mənzildə kurslar təşkil etmişdir. Sonra azərbaycanlı qızlar üçün Darülmüəllimat-qız məktəbləri üçün ibtidai sinif müəllimləri hazırlayan ilk pedaqoji təhsil ocağını yaratmışdır. Sonra Bakıda orta məktəblərdə, Kənd Təsərrüfatı İnstitutunda müəllimlik etmişdir. "Şərq qadını" jurnalının yaradıcılarından biri kimi savadsızlığa qarşı mübarizəyə qoşulmuşdur. Onun təşəbbüsü ilə Türk respublikaları arasında ilk qadın müəllimələr seminariyasının əsası qoyulmuşdur.


Tərcüməçilik fəaliyyəti ilə ardıcıl məşğul olmuşdur. Səməd Vurğun A.S.Puşkinin "Yevgeni Onegin" mənzum romanının poetik tərcüməsi üzərində çalışarkən onun tövsiyələrinə qayğı ilə yanaşmışdır. Rus oxucuları onun tərcüməsi ilə M.S.Ordubadinin "Dumanlı Təbriz", Əbülhəsənin "Yoxuşlar" romanı ilə tanış olmuşlar. Mədinə xanım Qiyasbəyli 1936-cı ilin dekabrında həbs olunmuş, iki ildən sonra güllələnmişdir. Ölümündən iki il sonra bəraət almışdır.