Şeirlər

İvan Krılov. Cırcırama və qarınca

Tərcümə edəni Abdulla Şaiq


 
Cırcırama yay, bahar,
Cırıldadı biqərar.
Hər çiçəyin yarpağı
Olmuş idi oynağı.
Eyşə alışmış idi,
Başı qarışmış idi.
Tutdu xəbər bir zaman,
Qış yetişib, ay aman!
Yayı keçirmiş hədər,
Yox daha güldən əsər.
Qaldı о biçarə ac,
Tapmadı başqa əlac.
Bilirdi ki, Qarınca
Dən yığır yay boyunca.
Getdi onun yanına,
Dərdini açdı ona:
- Qonşucuğaz, yazadək
Bəslə məni, ver yemək.
Sordu Qarınca: - Sənin
Yayda nə idi işin?
Güllər arasında mən
Eyləmiş idim vətən.
Belə idin yayda sən?
Nəğmə oxurdum da mən.
Yayda oxurdun, demək,
İndi get, oyna, görək!