Bu maraqlıdır!

Karamelin sirri kəşf edilib

Çubuqlu xoruz uşaqların ən çox sevdiyi şirniyyatlardan biridir. Onun hazırlanması prosesi sadədir. Belə şirniyyat şəkəri karamelləşdirmə prosesində əldə olunur.    


Qida sənayesində, demək olar, bütün şirniyyat növlərinə hazır karamel əlavə edilir, habelə “Kola”, soya sousu və peçenye hazırlanmasında da qida boyağı kimi karameldən istifadə olunur.  


Karameli hər kəs ev şəraitində hazırlaya bilər. Bunun üçün sadəcə şəkəri tavada qızdırmaq lazımdır. Buna baxmayaraq, alimlər karamelləşmə prosesində hansı maddələrin əmələ gəldiyini uzun müddət ayırd edə bilməyiblər. Almaniyanın Bremen şəhərindəki Yakobs Universitetinin ekspertləri artıq buna nail olublar.  


Karameli 100 il əvvəl fransız fiziki və kimyaçısı Lui Kami Mayard kəşf edib. Məhz o aşkar edib ki, şəkər (qlükoza, saxaroza və fruktoza) qızdırılanda onun kimyəvi tərkibi tamamilə dəyişir. Lakin bu dəyişmə nəticəsində məhz hansı maddələrin əmələ gəlməsi indiyədək əsl müəmma idi. 


İndi alimlər müəyyən ediblər ki, su buxarlanandan sonra kimyəvi reaksiya başlayır. Nəticədə şəkərin yalnız 10 faizi qalır, yerdə qalan 90 faiz artıq yeni komponentlərdən ibarət olur. Sən demə, karamelin tərkibində  4 mindən çox müxtəlif maddə var. 


Alim Nikolay Kunert deyib: “Bizim tədqiqatımız karamelin kimyəvi tərkibinin müəyyən olunmasını mümkün edib”. Alimlər kimyəvi tərkibin analizi üçün ilk dəfə ifrat dəqiq spektrometrdən istifadə ediblər. Odur ki, ekspertlər bu metodla çay və şokolad kimi mürəkkəb kimyəvi birləşmələrin tərkibini öyrənə bilərlər.