Bu maraqlıdır!

Ən qədim göydələnlər

Bütünlüklə palçıq və çiy kərpicdən tikilmiş dünyanın ən qədim göydələnlərini Yəmənin Şibam şəhərində görmək mümkündür.

 

Şibam dünyanın ən darısqal şəhəridir. Şibam vaxtilə Xardaraut çarlığının paytaxtı olub. Bu şəhər müqayisəyəgəlməz memarlıq üslubu ilə fərqlənir. Şibamın memarlığı YUNESKO-nun Ümumdünya irsi siyahısına daxil edilib. Şəhərdə gil kərpiclərdən inşa edilmiş evlərin təxminən 500-ü çoxmərtəbəlidir. Onun heyrətləndirici qüllələri, sanki, qaya dibində ucalır, bu səbəbdən bu şəhəri "səhradakı Manhetten" adlandırıblar.

 

Şibam, çox güman ki, şəhərtikmə tarixində vertikallıq prinsipinə əsaslanan ilk planlı tikinti nümunəsidir. Burada binaların yerləşməsi, onların hündürlüyü elə şəkildə qurulub ki, hər bir ev-qüllə təxminən eyni miqdarda günəş işığı alır. Bütün şəhər ərazisindən kifayət qədər geniş prospekt keçir, ondan çoxlu sayda küçə və döngələr ayrılır. Onlardan ən darı iki metr enə malikdir.

 

Tikintidə material olaraq gil-samandan ibarət çiy kərpic-madardan istifadə edilib. Kərpic birbaşa Günəş şüaları altında qurudulub. Yəmənin son dərəcə quru iqlimi şəraitində belə binanın orta istifadə müddəti 2-3 yüzillik təşkil edir.

 

Şibamda ən qədim ev 1609-cu ildə tikilib. Buradakı evlərin böyük əksəriyyəti isə 1880-1915-ci illər ərzində inşa olunub. Burada ən hündür binanın hündürlüyü 53 metrdir; hər mərtəbə bir ailənin yaşadığı mənzildən ibarətdir.

 

Bu gün "səhradakı Manhetten"də təxminən 7000 nəfər yaşayır. Bu şəhərin bizim əsrdə mövcudluğunu yalnız binaların divarlarındakı peyk antenaları və kondisionerlər sübut edir.

 

Şibamda orta illik temperatur təxminən 35 dərəcə təşkil edir. Nahardan sonra müşahidə olunan istidə küçələr, demək olar, boş olur, yalnız kondisionerli çayxanalarda müəyyən aktivlik müşayiət etmək olar.

 

Artıq təxminən 2000 ildir, mövcud olmağına baxmayaraq, Şibamdakı evlərin çoxu XVI əsrdə tikilib. Onlardan bir çoxu son yüzillikdə dəfələrlə yenidən tikilib. Şibamın hər məhəlləsinin öz məscidi var.

 

Güman edilir ki, göydələnlər müqəddəs kitablarda  haqqında danışılan Ad qövmü tərəfindən inşa edilib. Tarixi mənbələrdə isə tikililərin inşaatçıları kimi Hadramut vilayətində yaşayan Hadramilər göstərilib. Onlar bu tikililəri dağıdıcı hücumlardan qorunmaq üçün  tikiblər. Tarixi göydələnlərdə dəmirdən istifadə edilməyib.