Xəbərlər

12 Mart – Daxili Qoşunlar Günüdür

Azərbaycan öz dövlət müstəqilliyini elan etdikdən sonra Azərbaycanda Daxili Qoşunların hərbi hissələrinin yaradılması zərurəti meydana çıxdı. Bir tərəfdən Ermənistan ordusunun Qarabağa və sərhəd bölgələrimizə təcavüzünün getdikcə geniş miqyas alması, digər tərəfdən ölkə daxilində Azərbaycanın müstəqilliyinə qənim kəsilmiş qüvvələrin fəallaşması bunu tələb edirdi.Ona görə də 1992-ci il mart ayının 12-də Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi hissələrinin yaradılmasına başlandı.

 

Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə bu hərbi hissələr yüksək döyüş qabiliyyəti nümayiş etdirdilər və möhkəmləndilər. Daxili Qoşunların 1738 nəfər döyüşçüsü göstərdikləri döyüş şü- caətlərinə görə Azərbaycan Respublikasının orden və medalları ilə təltif olunmuşlar. Sonrakı dövrlərdə Azərbaycanın müstəqilliyinə qarşı yönəlmiş qəsdlərin qarşısının alınmasında Daxili Qoşunların böyük rolu olmuşdur.

 

1991-ci ilin dekabrında sabiq SSRİ Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Bakı şəhərində yerləşən 5-ci diviziyası buraxılmış və heyəti 2 min 500 nəfərdən ibarət olan üç hərbi hissə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin tabeliyinə verilmişdir. Həmin vaxtdan Azərbaycan Daxili Qoşunları Biləcəri qəsəbəsində yerləşən hərbi hissənin əsasında yaradılmağa başlamışdır. Daxili Qoşunların Azərbaycan Daxili İşlər Nazirliyinin müstəqil strukturu kimi yaranması və formalaşması ölkəmizin çox çətin bir dövrünə təsadüf etmişdir.

 

1995- ci il martın 9-da ümummilli lider Heydər Əliyevin imzaladığı müvafiq Fərmanla Azərbaycan Daxili Qoşunlarının ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda erməni işğalçılarına qarşı döyüşə başladıqları gün - yəni 12 mart Daxili Qoşunlar günü elan olunmuşdur. Daxili Qoşunların inkişafına, möhkəmlənməsinə ulu öndər Heydər Əliyev daim diqqət yetirmiş, onun formalaşmasında da ümummilli liderimizin misilsiz tarixi xidmətləri olmuşdur. Daxili işlər orqanlarının ayrılmaz tərkib hissəsi olan Daxili Qoşunlar ötən illərdə şərəfli yol keçmiş, ciddi sınaq və çətinliklərdən dəyanətlə çıxaraq inkişaf etmişdir. 2003-cü ildən Daxili Qoşunların inkişafında yeni bir mərhələ başlamışdır.

 

Bu gün Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev ölkənin daxili işlər orqanlarının ayrılmaz hissəsi olan Daxili Qoşunların təkmilləşdirilməsi, peşəkar hazırlığının yüksəldilməsi üçün daim diqqət və qayğı göstərir. Məhz bu diqqət və qayğının nəticəsidir ki, bu gün Azərbaycanın Daxili Qoşunları döyüş hazırlığına və maddi-texniki bazasına görə MDB məkanında ön sıradadır.