Xəbərlər

16 yaşlı isveçli məktəbli Nobel Sülh mükafatına namizəd irəli sürülüb

İsveç parlamentinin Solçular Partiyasından olan deputatları Yens Holm və Hokan Svennelinq, habelə Sosialist Solçular Partiyasından olan Norveç qanunvericiləri Freddi Andre Ovsteqord, Mona Faqeros və Lars Haltbrekken 16 yaşlı isveçli məktəbli Qreta Tunberqin  Nobel Sülh mükafatına namizədliyini irəli sürüblər. Qreta 2018-ci ilin avqustundan etiraz aksiyaları  keçirərək, atmosferə zəhərli tullantıların azaldılmasına dair Paris İqlim Sazişinin şərtlərinin  yerinə yetirilməsini siyasi liderlərdən tələb edir.   


Qreta adının Nobel mükafatına namizəd irəli sürülməsi barədə xəbəri şərh edərək deyib: “Belə mühüm mükafata namizəd irəli sürülmək olduqca qürurverici və xoşdur. Bu xəbər mənim üçün inanılmaz oldu. Çox təəccübləndim”. 


Q.Tunberq ötən ilin avqustundan etibarən hər cümə günü əlində ekologiya çağırışı olan  plakatla İsveç parlamentinin qarşısına çıxır. Məktəblinin aksiyası gənclər ictimaiyyətinin diqqətini cəlb edib və məktəblilərdən ibarət qeyri-formal ekologiya birliyin yaranmasına gətirib çıxarıb. Sentyabr ayında Qreta özünü məktəblilərin iqlim uğrunda tətilinin  lideri elan edib. 


O, 2019-cu ilin fevralında Berlində ekologiya problemlərinə etiraz əlaməti olaraq nümayiş keçirib. Nümayişdə təqribən dörd min gənc iştirak edib. Qreta dəstək üçün Almaniya kansleri Angela Merkelə müraciət edib. Buna qədər Avropanın daha bir neçə şəhərində oxşar aksiyalar keçirilib. 


Martın əvvəlində Qreta İsveç jurnalistləri tərəfindən “İlin qadını” elan edilib. Sorğu 8 Mart - Beynəlxalq Qadınlar Günü ərəfəsində keçirilib.  


Paris İqlim Sazişi 2015-ci ildə 170 ölkə tərəfindən imzalanıb.